Bank

Azərbaycanda bank sisteminin likvidliyi hökumət hesabları, xəzinə qalığından asılıdır

Pul siyasəti hədəflərinə nail olunması əhəmiyyətli dərəcədə bank sisteminin likvidlik mövqeyindən asılıdır. Bank sisteminin likvidlik mövqeyinə bir sıra amillər təsir göstərir.

Azərbaycan Mərkəzi Bankının açıqladığı sənədə görə, likvidliyə təsir edən başlıca avtonom (yəni Mərkəzi Bankdan asılı olmayan) amil hökumət hesablarının, xüsusilə də xəzinə qalığının dəyişimidir. Bu amil dövlət büdcəsinin gəlir və xərclərindən asılıdır. Xəzinə qalığının azalması manatla müxbir hesablara artırıcı, onun artması isə manatla müxbir hesablara azaldıcı təsir göstərə bilər. Bu amil dövlət büdcəsinin gəlir və xərclərindən asılıdır. Hökumət hesablarının dəyişiminin likvidliyə təsirini qiymətləndirə bilmək üçün Mərkəzi Bank Maliyyə Nazirliyi ilə əməkdaşlıq edir.

Digər mühüm amil xalis xarici aktivlərin dəyişimidir. Xalis xarici aktivlər Mərkəzi Bankın qeyri-rezidentlərlə xarici valyutada və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosudur. Bu saldo Mərkəzi Bankın valyuta ehtiyatlarının dəyişimindən asılıdır. Mərkəzi Bank bank sektorundan valyuta aldığı halda xalis xarici aktivlər və manatla pul bazası, xüsusilə də manatla müxbir hesablar artır.

Əksinə, bank sektoruna valyuta satışı keçirildiyi halda isə xalis xarici aktivlər və manatla pul bazası, xüsusilə də manatla müxbir hesablar azalır. Dövriyyədə olan nağd pulların hərəkəti də bank sisteminin likvidlik mövqeyinə təsir edir. Buraya bank sistemindən kənarda olan nağd pulla yanaşı bankların kassalarında olan nağd pullar da daxildir.

Dövriyyədə olan nağd pulun azalması manatla müxbir hesabların qalığını artıra, onun artımı isə manatla müxbir hesabları azalda bilər. İqtisadiyyatda nağdsızlaşma prosesinin getməsi pul bazasının strukturunda nağd pulun payının azalması, müxbir hesabların payının isə artması ilə müşayiət olunur. Bütün bunlardan başqa Mərkəzi Bank tərəfindən keçirilən pul siyasəti əməliyyatları da bank sisteminin likvidlik mövqeyinə təsir edir. Özünün açıq bazar əməliyyatları ilə Mərkəzi Bank pul siyasətindən kənar amillərin bank sisteminin likvidlik mövqeyinə təsirlərini neytrallaşdırmağa çalışır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)