TURİZM

Qırğızıstan Azərbaycana İssık-Kul gölü sahilində mehmanxana tikməyi təklif edib

Azərbaycan və Qırğızıstan Bakı-Bişkək birbaşa aviareysi açmağı planlaşdırır, hazırda tərəflər bu istiqamətdə müzakirələr aparırlar.

“Birbaşa aviareysin açılması məsələsi avqustun 16-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında müzakirə olunub. İki ölkənin müvafiq qurumlarına bu məsələni müzakirə etmək və Azərbaycan və Qırğızıstanın təyin olunmuş aviaşirkətləri arasında müvafiq kommersiya müqaviləsi bağlamaq tapşırılıb”, – deyə hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.

Bundan başqa, iclas çərçivəsində tərəflər səfirlik binalarının inşası üçün paritet əsasda torpaq sahələrinin ayrılması barədə razılığa gəliblər.

“Tərəflər, həmçinin ticarət münasibətlərinin inkişaf etdirilməsi məqsədilə Azərbaycanda Qırğızıstan Ticarət Evinin və Qırğızıstanda Azərbaycan Ticarət Evinin yaradılması məsələsini öyrənmək barədə razılığa gəliblər”, – deyə agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, Bakı və Bişkək Qırğızıstan tərəfinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və investisiya layihələrində iştirakı mümkünlüyünü nəzərdən keçirməyə hazır olduğunu bildirib.

“Bundan əlavə, Qırğızıstan tərəfi Azərbaycana İssık-Kul gölü sahilində mehmanxana tikintisi məsələsini nəzərdən keçirməyi təklif edib”, – deyə mənbə qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)