ABŞ səfirliyindən Şuşa açıqlaması
ABŞ səfirliyi bu ölkənin Azərbaycandakı səfirinin Şuşaya səfərdən imtina etməsi ilə bağlı açıqlama yayıb.
ENA.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur.
“Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”, - açıqlamada deyilir.
Lakin diplomatik nümayəndəliyin yaydığı məlumatda ABŞ səfirinin Şuşaya getməməsinin dəqiq səbəbi izah olunmayıb.
Qeyd edək ki, ABŞ və Fransa səfirləri ötən gün Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməyiblər. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi diqqət çəkib. Azərbaycan tərəfindən hər iki ölkənin diplomatlarına Şuşaya səfərlə bağlı dəvət göndərilsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər.