Tramadolun dövriyyəsi ilə bağlı qanunvericilik - DƏYİŞDİRİLDİ
Prezident İlham Əliyev Azərbaycan 2016-cı il 18 mart tarixli qanunla təsdiq edilən 1 nömrəli əlavə - “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
"BI" xəbər verir ki, bu, tramadolun ölkə ərazisində dövriyyəsi ilə bağlı qadağanın genişləndirilməsi ilə əlaqədardır.
Dəyişikliyin məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.
Siyahıdakı 79-cu “Tramadol hidroxlorid 100 mq - 150 mq - 200 mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)” bəndində dəqiqləşdirmə aparılıb.
Belə ki, siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb.
Bundan başqa, siyahıya 37-1 ((Qabapentin. Bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur. (1-(Aminometil) tsikloheksansirkə turşusu) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb.
Qeyd edək ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir.