Bankın göstəriciləri kiçilib: Azərbaycan Sənaye Bankı
2018-ci ildə kapital artımı nümayiş etdirən Azərbaycan Sənaye Bankı ilin yekunları üzrə hesabatını açıqlayıb.
"BI" xəbər verir ki, bankın balans hesabatına görə, 2018-ci ilin sonunda cəmi aktivlərinin həcmi 822 milyon 311 min manat təşkil edib.
Aktivlərin yarısı başqa banklardadır
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın aktivlərində azalma 13% və ya 122 milyon manatdan çoxdur. Aktivlərin 285milyon 949 min manatını kreditlər təşkil edir və kredit portfeli bir illik müqayisədə təxminən 12 milyon 880 min manat kiçilib. Bank bu kreditləri üçün mümkün zərərlərin ödənilməsinə 6 milyon 183 min manat həcmində məqsədli ehtiyat yaradıb. Nəticədə xalis kreditlərinin həcmi 279 milyon 766 min manat təşkil edib.
Bank aktivlərinin böyük bir hissəsini – 461 milyon 234 min manatını başqa banklar da daxil olmaqla maliyyə institutlarında depozit kimi saxlayır. Üstəlik 8 milyon 222 min manatı Mərkəzi Bankdakı müxbir hesabındadır. Müxbir hesabda saxlanılan vəsaitlər də əsasən hesablaşma əməliyyatları, Mərkəzi Bankın notlarının alınması və ehtiyat norması daxilindədir. Beləliklə, bankın 469 milyon manatdan çox vəsaiti, başqa sözlə yarısı iqtisadiyyatdan kənarda depozit şəklində hərəkətsiz saxlanılır. Ümumiyyətlə, bu tendensiya əksər banklarda var və ölkənin iqtisadi fəallığının aşağı olduğunu əks etdirən məqamlardan biridir.
Depozit portfeli 11% kiçilib
Azərbaycan Sənaye Bankının öhdəliklərində kəskin azalma nəzərə çarpır. 2018-ci ilin yekununda bank 730 milyon 282 min manat öhdəliklərə malik olub, halbuki, bir il əvvəl öhdəliklərin həcmi 854 milyon 830 min manat təşkil etmişdi.
Öhdəliklərin strukturunda azalma depozit portfelində də davam edib və bir ildə 11,1% kiçilib, nəticədə 628 milyon 656 min manatdan 558 milyon 360 min manata düşüb. Bankda 114 milyon manata yaxın başqa bankların depozitləri var ki, bu da ASB üçün öhdəlik yaradıb. Eyni zamanda banklar istisna olmaqla digər maliyyə qurumlarından aldığı 51 milyon manat həcmində kredit də öhdəlik yaradıb.
Bank 60 milyon manat nizamnamə kapitalına, bir ildə 2 milyon manata yaxın artımla 92 milyon manat kapitala malikdir. Bank kapitalın strukturunu açıqlasa da, adekvatlığı barədə göstəricini gizlədib.
Mənfəəti 9,4% azalıb
“Azərbaycan Sənaye Bankı” ASC 2018-ci ili 3 milyon 946 min manat xalis mənfəət ilə başa vurub və bu məbləğ 2017-ci ildəkindən 9,4% azdır. 2018-ci ildə 24 milyon 888 min manat faiz, 2 milyon 698 min manat qeyri-faiz gəliri əldə edib. Beləliklə, Bankın faiz gəlirləri cüzi artıb, qeyri-faiz gəlirləri isə 2,6 dəfə azalıb.
Ötən il “Azərbaycan Sənaye Bankı”ın 1 milyon 791 min manat əməliyyat mənfəəti yaranıb, halbuki 2017-ci ildə bu rəqəm 6 milyon 693 min manat təşkil etmişdi, başqa sözlə 3,7 dəfə azalma qeydə alınıb. Əvvəlki illər üzrə depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 3 milyon 167 min manatı azad olduğundan Bankın vergi ödənilənədək xalis mənfəəti 4 milyon 958 min manat olub. Ötən il “Azərbaycan Sənaye Bankı” 1 milyon 12 min manat mənfəət vergisi ödəyib. Beləkilə Bank, ötən ili 3 milyon 945 min manat xalis mənfəət ilə bağlayıb.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC-yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC-yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.