Qarabağın və Şərqi Zəngəzurun necə dirçəldildiyini görürük - Tokayev
“Biz Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur”.
ENA.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib.
O, Qazaxıstanın öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib: “Bu gün bizim hədiyyəmizin təqdimatı keçirildi, qazax xalqı adından burada, - Füzuli şəhərini nəzərdə tuturam, - gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “BI” tikinti şirkətinə həvalə edilib. Bu gün o, zəmanət verdi ki, məktəb elan edilmiş müddətdə hazır olacaq və əlbəttə, keyfiyyət təmin ediləcək. Buna heç bir şübhə yoxdur, çünki şirkət kifayət qədər məsuliyyətlidir”.