Banklara dollar satışı azalıb: Fondun satdığı vəsaitin həcmi
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin yanvar-iyun aylarında valyuta hərraclarında 2 milyard 739,1 milyon dollar həcmində xarici valyuta satıb. Bu 2021-ci ilin 6 ayı ilə müqayisədə 1% azdır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, birinci yarımillikdə AMB tərəfindən xarici valyuta üzrə 48 hərrac təşkil olunub.
Beləliklə, birinci yarımil ərzində ARDNF hər hərracda orta hesabla 57,06 milyon dollar satıb.
AMB-dən vurğulanıb ki, 2022-ci ilin yanvar-iyun aylarnda valyuta hərraclarında bankların intervensiyası xarici valyutanın alışına yönəldilib. “Bütövlükdə, birinci yarımillikdə valyuta hərraclarından 448 milyon dollar məbləğində xarici valyuta alınıb”, - AMB-dən vurğulanıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında ümumilikdə 6 milyard 679 milyon dollar satıb, bu isə 2020-ci ilin göstəricisi ilə müqayisədə 8,6% azdır. Ötən il fond tərəfindən hərraclarda xarici valyutanın orta aylıq satış göstəricisi 556,6 milyon dollar olub.