Tokayev Putinlə görüş üçün Rusiyaya gəldi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Soçiyə işgüzar səfərə gəlib.
ENA.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, “səfər çərçivəsində dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçiriləcək”.
Prezidentlər Rusiya-Qazaxıstan münasibətlərinin gələcək inkişafı, strateji tərəfdaşlıq və əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar. Bundan əlavə, tərəflər inteqrasiya birlikləri, o cümlədən Qazaxıstanın bu il sədrlik etdiyi Müstəqil Dövlətlər Birliyi çərçivəsində ikitərəfli əməkdaşlıq məsələlərinə toxunacaqlar.
Öz növbəsində Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib ki, danışıqlar zamanı dövlət başçıları “Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişafı”nı nəzərdən keçirəcəklər.
Putin və Tokayev arasında əvvəlki görüş iyunun sonunda Aşqabadda altıncı Xəzər sammiti zamanı baş tutub. Bundan əlavə, yayda prezidentlər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində danışıqlar aparıblar.