Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb
"Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur".
ENA.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. O, müqavilənin nə zaman imzalandığını açıqlamayıb.
Şuqayev hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.
Xatırladaq ki, S-400-lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da, Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin S-400-lərdən imtina etməsini tələb edərək, onu F-35 qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin S-400-lərin Ukraynaya verilməsini təklif edib.