Sosial iqtisadiyyat

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 84% artıb

Bu ilin birinci yarısında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 83.7% artaraq $87.5 mln. təşkil edib. Yaxın vaxtlarda ikitərəfli ticarətin həcminin $1 mlrd.-a çatdırılması barədə razılıq əldə olunub.

ENA.az xəbər verir ki, bunu Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev vergiler.az-a müsahibəsində deyib.

Səfir qeyd edib ki, bu məqsədlə silsilə tədbirlər həyata keçiriləcək: noyabrda Daşkənddə Birinci Regionlar Forumu, iki ölkənin milli istehsalçılarının sərgisi, Özbəkistan-Azərbaycan İşgüzar Şurasının illik iclasları keçiriləcək, habelə qarşılıqlı ticarət missiyaları təşkil ediləcək. Transxəzər marşrutu üzrə tranzit və ikitərəfli daşıma üçün əlverişli mühitin yaradılması istiqammətində işlər davam etdiriləcək.

Ölkələr arasında investisiya əməkdaşlığına gəldikdə, indiyədək Azərbaycan Özbəkistan iqtisadiyyatına $23.8 mln. həcmində sərmayə qoyub. Özbəkistanın Azərbaycana yatırdığı sərmayələrin həcmi isə $18.4 mln. təşkil edib. Özbəkistan şirkətləri Azərbaycanda sənaye, ticarət, nəqliyyat, rabitə, bank, sığorta və digər xidmətlər daxil olmaqla bir sıra sektorlarda fəaliyyət göstərir.

Hüseyn Quliyev müsahibəsində bildirib ki, hazır məhsulların üçüncü ölkələrin bazarlarına ixracı üçün Azərbaycanda birgə ipəkçilik və toxuculuq klasterlərinin inkişafı ilə bağlı müəyyən razılığa gəlinib. Xüsusilə “Az-Silk”in bazasında ipəkqurdunun yetişdirilməsi və emalı üçün Bərdə ətrafındakı 6 rayonda torpaq sahələrinin mövcud müştərək klasterə verilməsi barədə razılaşma olub ki, bu layihənin investisiya dəyəri 1 milyon dollardır. Bununla yanaşı, hazır məhsulun Avropa, MDB və Türkiyə bazarlarına ixracı üçün Azərbaycan investisiyaları hesabına Ələt Azad İqtisadi Zonasında və Mingəçevir sənaye parkında birgə toxuculuq müəssisələrinin, Yevlax pilot aqroparkında 50 hektar sahədə ipəkqurdu yetişdirilməsi üçün intensiv bağın, 2023-cü ilin birinci rübündə məhsuldar tinglərinin inkişafı üçün “in-vitro” laboratoriyasının yaradılması nəzərdə tutulur. Yüksək keyfiyyətli tekstil məmulatlarının istehsalında Özbəkistan təcrübəsinin tətbiqi planlaşdırılır. Daşkəndin Üçtəpə rayonunda 550 kvadratmetr sahədə investisiya dəyəri $1.2 mln. olan zərgərlik məmulatlarının istehsalı üzrə birgə müəssisənin təşkili barədə razılıq əldə olunub. Bu sahədə yeni layihələrin hazırlanması məsələsi “Azər Gold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə razılaşdırılıb. Bununla yanaşı, kapitalının 75%-i Azərbaycan, 25%-i Özbəkistan tərəfindən qoyulmaqla Özbəkistan-Azərbaycan investisiya fondunun yaradılmasının sürətləndirilməsi üçün mövcud imkanların öyrənilməsi qərarına gəlinib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)