Qeyri-Bank

"Azfinance" BOKT-dan səgmdar payının 70%-ni aldı

“Azfinance İnvestisiya Şirkəti” QSC “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-ni alıb.

Bunun üçün investisiya şirkəti BOKT-nun nizamnamə kapitalının 700 min manat və yaxud 3,3 dəfə artırılaraq 300 min manatdan 1 milyon manata çatdırılmasında iştirak edib.

Son nəticədə "Optimal Finance"ın digər təsisçilərinin BOKT-dakı payı azalıb. Belə ki, Elçin Əsgərlinin payı 50%-dən 15%-ə, Fərid Eynullayevin payı 30%-dən 9%-ə, Yusif İbrahimovun payı isə 20%-dən 6%-ə düşüb.

"Optimal Finance"ın əsas təsisçisi dəyişdikdən sonra onun direktoru da dəyişdirilib. Belə ki, BOKT-a rəhbərlik Əhəd Əsgərovdan alınaraq İmam Qədimquliyevə həvalə edilib.

Azərbaycanda ilk dəfədir ki, investisiya şirkəti BOKT-dan pay alır. Burada diqqəti cəlb edən həm də "Optimal Finance"ın eyni adlı elektronika şirkətinin (“Optimal Elektronika” MMC) məhsullarının satışını maliyyələşdirməsidir.

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Azfinance"ın direktoru İntiqam Səfərəliyev rəhbərlik etdiyi maliyyə qurumunun qərarını kiçik kreditləri maliyyələşdirmək istəyi ilə izah edib: "BOKT almaqda əsas məqsədimiz elektronika məhsullarının satışına dəstək vermək deyil, sadəcə mikromaliyə sektorunda ən yaxşı işləyən sahədə - istehlak malları sahəsində olmaqdır. 5-10 dənə ayrı-ayrı şəbəkə ilə müqavilə bağlamaqdansa, bir şəbəkə ilə işləyən BOKT-un payını almaq yaxşıdır və bununla biz o sektora birbaşa girmiş oluruq. Nəzərə alsaq ki, adı çəkilən şəbəkənin illik dövriyyəsi 120-130 milyon manat çivarındadır, onun da 70-80%-i kreditlə satılanda, bizim aldığımız BOKT-un müştəri problemi olmayacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)