TAP son bir neçə gündə maksimum ötürmə gücünə çatıb
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılması ilə bağlı yekun qərar 2023-cü ildə aparılacaq bazar sınaqlarından asılı olacaq.
Bu barədə Afina-Makedoniya İnformasiya Agentliyinə TAP AG şirkətindən bildirilib.
“TAP-ın ötürücülük qabiliyyətinin artırılmasından Cənub-Şərqi Avropa ölkələrinin Rusiya qazından asılılığını azaltmaq üçün istifadə edilməsi planlaşdırılır.
İlkin məqsəd 2021-ci ildə illik 8 milyard kubmetr həcmində olmuş qaz nəqlini 2022-ci ildən etibarən illik 12 milyard kubmetrə, mümkün olduğu halda isə illik 20 milyard kubmetrədək artırılması idi”, - şirkətdən bildirilib.
Azərbaycandan təbii qaz nəqlinin artırılması haqqında qərar Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı qəbul edilib.
TAP qaz kəmərinin istismarı və onun genişlənməsi Yunanıstanı Cənub-Şərqi Avropa və Aİ üçün enerji qovşağına çevirəcək. Yunanıstan-Bolqarıstan interkonnektorunun kommersiyası istismarı Bolqarıstanı və əlaqəli digər ölkələri (Şimali Makedoniya, Rumıniya və s.) qazla təmin etməyə imkan verəcək.
Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP son bir neçə gündə maksimum ötürmə gücünə çatıb. Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır.
TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.