Hyundai şirkəti N Vision 74 adlı yeni avtomobil konseptini təqdim edib - VİDEO
Hyundai şirkəti N Vision 74 adlı yeni avtomobil konseptini təqdim edib. Təqdim edilmiş yeni konsept avtomobil hibrid transmissiyaya və 670 at gücünə sahibdir. Onun dizaynı isə əfsanəvi avtomobil dizayneri olan Giorgetto Giugiaro tərəfindən hazırlanıb. Bu şəxs BMW M1, Ferrari 250 GT, Bugatti Veyron və DeLorean DMC-12 kimi əfsanəvi avtomobillərin dizaynlarını yaradıb. Məlumata əsasən N Vision 74-ün uzunluğu 495 sm, eni 133 sm, hündürlüyü isə 190.3 sm təşkil edir. Xarici görünüşcə konsept avtomobil “Back to the Future” film seriyası sayəsində əfsanəyə çevrilmiş DeLorean DMC-12-ni xatırladır. Belə ki, N Vision 74 də onun kimi iti kənar hissələrə və retro dizayna sahibdir.
N Vision 74 özündə 800 vatt gücündə sürətli şarj texnologiyalı 62.4 kilovatt saat həcmli batareyanı birləşdirir. Avtomobildə olan hidrogen yanacaq elementi isə Hyundai tərəfindən indiyənə kimi yaradılmış ən innovasiyalı hidrogen yanacaq elementidir. Onun çəkisi cəmi 4.2 kq təşkil edir və onu bir neçə dəqiqə ərzində yanacaqla doldurmaq olar. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, avtomobilin mühərrikinin maksimal fırlanma anı 900 Nm (Nyuton metr) təşkil edir. Avtomobilin digər texniki özəllikləri barəsində məlumat verilməyib. Qeyd etmək lazımdır ki, bu hələ ki, sadəcə olaraq bir konseptdir. Nəticədə bu cür avtomobilin satışa çıxıb-çıxmayacağı bəlli deyil.