Bu xidmət ƏDV-dən azad edildi
Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib.
E.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Eləcə də oxu: Yalnız nağdsız qaydada aparılan hesablaşmalar – Nümunələrlə izah
Layihəyə əsasən, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
Qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur. Bununla da fərdi baytarlıq xidmətinin vergiyə cəlbi sahəsində inzibatçılıq azaldılacaq və bu şəxslərə yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” tətbiq ediləcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.