“Bolt” özbaşınalığı. O, Azərbaycan qanunlarını niyə saymır?
“Oğlumu məktəbdən evə gətirmək üçün mobil tətbiq vasitəsilə “Bolt” taksi şirkətinə sifariş verdim. Taksiyə mindikdən sonra ödənişin nağdsız olduğunu öyrənən sürücü avtomobili 50-100 metr irəlidə saxlayaraq bizi yolda düşürdü. Dərhal “Bolt”la əlaqə saxlamaq istəsək də, əlaqə nömrəsi olmadığı üçün mesaj yazdıq. Şirkət tərəfindən isə məsələnin araşdırıldığı, lazımi tədbir görüləcəyi qeyd olundu. Dəfələrlə danışmaq üçün səlahiyyətli şəxsin nömrəsini tələb etsəm də, şikayətə cavab veriləcəyini və məsələ ilə bağlı tədbir görüldüyünü yazdılar. Amma təbii ki, bu tədbirin nə olduğundan xəbərsiz qaldıq”.
Bunu paytaxtda sərnişindaşıma xidməti göstərən “Bolt”un taksi sürücülərinin qeyri-etik davranışları ilə dəfələrlə rastlaşan Bakı sakini Mətanət Hüseynli deyir. Mətanət xanım bir neçə gün öncə 14 yaşlı oğlu üçün taksi sifarişi verərək ödənişi kart vasitəsilə edib və sözügedən qanunsuzluqla rastlaşıb.
Təbii ki, bu, ilk olaraq məsuliyyətsiz davranışdır. Çünki yolda avtomobildən düşürdüyü azyaşlının üstündə pul olmaya, eyni zamanda başına hər hansı xoşagəlməz hadisə gələ bilərdi…
Kimdir müqəssir – sürücü yoxsa şirkət?
Bəs belə olan halda kimə və hara, necə şikayət edilməlidir sualı isə cavabsız qalır. Ona görə ki, hazırda bu bazarda əsas yer tutan iki şirkətdən biri olan “Bolt”un nə əlaqə nömrəsi, nə ictimaiyyətlə əlaqələr şöbəsi, nə də hər hansı dərdi, problemi demək üçün məsuliyyətli şəxsi var. Bütün sualların isə “Bolt”a dəstək komandasının bir üzvü tərəfindən cavablandırılması sadəcə acı gülüş doğurur… Görünən odur ki, “Bolt” sürücülərinin məsuliyyətsizliyinin başında elə şirkətin öz məsuliyyətsizliyi durur!
Təəssüf ki, bu problemlə rastlaşanların sayı az deyil, zaman-zaman vətəndaşlardan taksi şirkətləri ilə bağlı müxtəlif şikayətlər eşidirik. Problemlər əsasən sürücülərin davranışları və nağdsız ödənişlər zamanı narazılıq etmələri ilə bağlı olsa da, əslində digər narazılıqların da sayı-hesabı yoxdur. Əvvəla texnoloji vasitələrin inkişaf etdiyi, insanların onlayn rejimə üstünlük verdiyi XXI əsrdə, eyni zamanda dövlət tərəfindən nağdsız ödənişlərin təşviq edilməsi məqsədilə həyata keçirilən stimullaşdırıcı tədbirlər çərçivəsində kartla ödənişdən imtina nə dərəcədə doğrudur? Təbii ki, burada taksi sürücülərini narahat edən hər hansı məqamlar da var. Bəs taksi şirkətləri tərəfindən bu narazılıqlar nəzərə alınmırmı?
İstənilən halda nağdsız ödəniş sürücüyə sərf etməsə belə müştərini uşaq, qadın demədən yolda maşından düşürmək bir insan üçün nə dərəcədə normal davranışa sığır?
Taksi sürücülərinin naşılığı, cavabsız qalan suallar…
Taksi şirkətlərində işləyən əksər sürücülərin yolları tanımadığı, naviqatorun yanlış göstərməsi səbəbindən dəfələrlə səhv ünvana getdiyi və ya yolu uzatdığı hallar da olur. Sürücü kartla ödəniş etdiyiniz üçün sizdən imtina etməklə yanaşı, bəzən müştəridən gedişi ləğv etməyi də tələb edir. Təbii ki, bunun da əmması var. Çünki özləri imtina etdikləri zaman şirkət tərəfindən topladıqları “ballarından” uzaq düşürlər.
Özləri məcbur qalıb gedişi ləğv edəndə belə “Bolt” tərəfindən kartdan ödəniş çıxılır. Burada bir nüans da var. Sürücülər vergidən yayınmaq üçün bəzən VÖEN hesabı açdırmırlar, çünki bu halda həm özləri, həm də şirkət vergi ödəmir.
Şikayətinizi bildirmək istədiyinizdə isə əlaqə saxlamağa nömrə tapılmır, operatorla danışmaq mümkün olmur. Tək çarə “Bolt”un sosial şəbəkə ünvanlarına şikayət etmək olur. Oradan isə təklif edilir ki, şikayət şirkətin e-mail hesabına göndərilsin. Bu əməliyyatı gerçəkləşdirdikdən sonra bir ay ərzində cavab ya verilər, ya da verilməz…
Onu da qeyd edək ki, onlayn ödəniş zamanı gediş haqqından əlavə 18 faiz ƏDV tutulsa da, geri qayıdanda təbii ki, bu məbləğ ödənilmir.
Vətəndaşları narahat edən suallara cavab tapmaq üçün “Bolt” şirkətindən səlahiyyətli bir şəxslə danışa bilmədiyimizdən, müraciətlərə ancaq yazılı cavab verildiyindən suallarımıza tam cavab ala bilmədik. Elektron poçt ünvanı üzərindən göndərdiyimiz bir neçə sualın ancaq birinə bu şəkildə cavab verildi: “Qeyd etdiyiniz suallar kampaniyanın daxili qaydaları içində həll olunur. ƏDV hesab aid olan bank tərəfindən çıxılır və bankın hesabına köçürülür. ƏDV məbləği “Bolt”a aid deyil. ƏDV ilə bağlı bankla əlaqə saxlaya bilərsiniz”.
Təbii ki, bu, bizi qane etmədiyindən yenidən suallara cavab verilməsi üçün yazılı müraciət etsək də, cavab ala bilmədik.
Bununla bağlı ekspertlər də hesab edirlər ki, vətəndaşların hüquqlarının qorunması istiqamətində addımlar atılmalıdır. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qəzetimizə açıqlamasında bildirdi ki, bütün nəqliyyat sferasında xidmətlər keyfiyyətli olmalı, bunun üçün də zəmanət verilməlidir. Zəmanət üçün isə şirkətin əlaqə nömrəsi olmalı və suallara, şikayətlərə operativ cavab verilməlidir. Əgər bu kimi hallar vətəndaşı aldatmaq, çətin vəziyyətə salmaq məqsədi daşıyırsa, müştəri istər-istəməz xidmətdən imtina etməli olacaq, çünki istehlakçı yaxşı xidmət olmayan yerdən istifadəyə maraqlı olmur. Deputatın sözlərinə görə, Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun var və hər hansı şəkildə vətəndaş xidmətdən istifadə edirsə, keyfiyyətli xidmət görmək onun haqqıdır. Əlaqələndirmə imkanları da ortadan qalxırsa, demək ki, burada hansısa mənfi nüanslar var və bunları ortadan qaldırmaq lazımdır.
Fazil Mustafa deyir ki, müvafiq dövlət qurumları bu şirkətlərin fəaliyyətinə ciddi nəzarət etməlidirlər. Bu cür xidmətlərin imtiyazlı formada, kiməsə arxayın olaraq yaradılması anlaşılandır, amma kiminsə kefi naminə vətəndaşın əziyyət çəkməsinə icazə vermək olmaz və bu məsələ hüquqi cəhətdən ciddi şəkildə araşdırılıb münasibət bildirilməlidir.
Aqreqator şirkətlər monopoliya yaradırlar
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qəzetimizə açıqlamasında dedi ki, Azərbaycanda aqreqator şirkətlərin fəaliyyətinə ciddi nəzarət olunmalıdır, nəzarət mümkün deyilsə, onları ölkədən çıxartmaq lazımdır: “Bir çox ölkələr “Bolt”, “Uber”, “Yandex”, “Maxim” kimi taksi şirkətlərinin fəaliyyətini dayandırıblar. Çünki onlar digər şirkətləri sıxışdıraraq monopoliya yaradır, süni əngəllərlə digər şirkətlərin bazardan çıxmasına çalışırlar ki, tək qalıb hegemonluq eləsinlər”.
Ekspert hesab edir ki, onların görə biləcəyi işləri yerli şirkətlərimiz qat-qat artıq formada görürlər. Xarici şirkətlərə elə şərtlər qoyulmalıdır ki, gəlib bazarda öz qaydalarını diktə etməsinlər, Azərbaycan dövlətinin qayda-qanunlarına uyğun işləsinlər. “Bolt”, “Uber” başqa ölkələrdə onların şərtləri altında işləyir, ölkənin qaydalarından çəkinir, amma Azərbaycanda öz bildiklərini edirlər. Deməli, nəzarət mexanizmi düzgün qurulmayıb, qaydalarda boşluqlar çoxdur və onlar da bundan sui-istifadə edirlər.
Ekspert qeyd edir ki, nağdsız ödənişlərin qəbul edilməməsi süni yaradılan problemdir. Bundan başqa, sürücülər də nağd pula üstünlük verirlər. Sürücülərə kart hesabı, VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açdırmaları tələb olunur. Bu halda dövlətə aylıq rüsum ödənilməlidir. Bəzi insanlar ancaq özünə işləmək istəyir, bu baxımdan həmin şəxslər onlayn ödənişlərə üstünlük vermirlər. Ona görə də VÖEN açdırıb, qanuni fəaliyyət göstərmirlər.
Elməddin Muradlı Azərbaycanda taksi fəaliyyətindəki boşluqlardan söz açaraq bu məsələnin ən ağırlı tərəflərinə diqqət çəkdi: “Adam var ki, gecə haradasa işləyir, səhər növbədən çıxanda düşünür ki, getsin əlavə taksidə də işləsin. Bəziləri axşam işdən çıxanda düşünür ki, pik saatdır, 1-2 saat taksi xidməti göstərib pul qazansın. Belə olmamalıdır, bu xaosun qarşısı alınmalıdır”.
“Bolt” ƏDV-ni də vətəndaşa ödətdirir
Taksi şirkətləri sürücünü işə götürərkən vacib tələblərə əməl etmirlər. Sürücüdən onlayn qaydada avtomobilin texniki pasportu və sürücülük vəsiqəsinin şəkli tələb edilir. Qeydiyyatdan keçirildikdən sonra vətəndaş həmin şirkətdə taksi sürücüsü kimi işə başlayır. Amma şirkət bilmir ki, bu şəxs narkomandı, cinayətkardır, psixi xəstədir…
Faktı təsdiqləyən Elməddin Muradlı deyir ki, xarici şirkətlər Azərbaycan dövlətinə heç bir vergi ödəmirlər. Bundan başqa, “Bolt”da müştəri kartla ödəniş zamanı həm gediş haqqını, həm də ƏDV-ni ödəyir. Bu şirkətlər qazandığını cibinə qoyur, dövlətin vergisini də vətəndaşa ödətdirirlər: “Çox təəssüf ki, Dövlət Vergi Xidməti də buna haqq qazandırır ki, belə olmalıdır. Azərbaycanda taksi qiymətlərinin bu vəziyyətə düşməsinin səbəbi aqreqatorlardır. Rəqabət adı ilə vətəndaşları incidirlər. Sürücü də, sərnişin də narazıdır”.
Ekspert vurğulayır ki, hazırda taksi sürücülərinin hüquqlarını qoruyan bir təşkilat belə yoxdur. Baxmayaraq ki, təkcə Bakı şəhərində 50 mindən çox taksi sürücüsü var. Respublika üzrə isə taksi sürücülərinin sayı 120-150 minə yaxındır. Azərbaycandan milyonlarla pul hansısa xarici şirkətlərin cibinə belə nəzarətsiz qaydada axır.
E.Muradlı hesab edir ki, ümumiyyətlə, bu şirkətlərin fəaliyyəti məhdudlaşdırılmalı, ya da elə şərtlər qoyulmalıdır ki, dövlət üçün faydalı olsun. Eyni zamanda digər şirkətlərin də tənəzzülə uğramasına gətirib çıxarmasın. İctimai və dövlət təşkilatları bu istiqamətdə səmərəli əməkdaşlıq qurub, təbliğat vasitəsilə müəyyən nəticəyə nail ola bilərlər.
Taksi xidməti göstərənlər vergi ödəyicisi sayılırlar
İqtisadiyyat Nazirliyindən isə qəzetimizə bildirilib ki, 2022-ci il ərzində taksi xidməti sahəsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətlər daxil olub. Şikayətlər əsasən hesablaşmanın nağdsız olması səbəbindən sürücülər tərəfindən müvafiq xidmətin göstərilməsindən imtina, müştərilərin kart hesablarından əsassız şəkildə vəsaitin silinməsi, məbləğin ilkin qiymətdən fərqli olması, taksi sürücüsünün sifarişə uyğun olaraq düzgün təyinat məntəqəsinə yaxınlaşmaması və ya yubanması ilə əlaqədar olub.
Müraciətlərlə bağlı müvafiq taksi şirkətlərinin nümayəndələri ilə telefon danışıqları aparılıb, qanunun tələbləri izah edilərək göstərilən məsələlərin vətəndaşların xeyrinə həll edilməsinə nail olunub. Bir müraciətlə bağlı isə vətəndaşa qanunamüvafiq izahat və tövsiyə verilib.
Eyni zamanda qeyd olunur ki, qanunvericiliyə əsasən, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobillə taksi xidməti göstərilməsi fərdi sahibkarlıq fəaliyyəti sayıldığından belə vətəndaşlar vergi ödəyicisi sayılırlar. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə daxilində taksi xidməti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Taksi ilə sərnişin daşınmasını həyata keçirən vergi ödəyiciləri üzrə sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır. Eyni zamanda VÖEN əsasında şəxsi avtomobili ilə taksi xidməti göstərənlər üçün sadələşdirilmiş verginin məbləği yüksəldici əmsallar nəzərə alınmaqla hesablanır.
Bundan əlavə, həmin vergi ödəyiciləri “Fərqlənmə nişanı” alarkən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı və minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.
Beləliklə, Bakı şəhərində taksi xidməti göstərən şəxslərin əldə etdikləri gəlirdən asılı olmayaraq ödəməli olduqları vergi və sığorta haqlarının aylıq məbləği 66 manat (18+36+12=66 manat) təşkil edir.
Nazirlikdən verilən məlumata görə, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Taksi xidməti göstərən subyektlər bu nəqliyyat vasitəsi üçün növbəti ay, rüb, yarım və ya bir il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Hüquqi şəxs yaratmadan taksi xidməti göstərən fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra “Fərqlənmə nişanı” almaq hüququ qazanırlar.
Problemi həll etməyən yeni qaydalar
Onu da vurğulayaq ki, son günlər “Bolt” şirkəti kartla ödənişdən imtina edən sürücülərlə bağlı tədbir həyata keçirmək məqsədilə yeni qayda tətbiq edib. Belə ki, müştəri nağdsız ödənişi seçdiyi zaman sürücü tərəfindən gedişdən imtina olunarsa, o zaman onlar 25 manat məbləğində cərimələnirlər və yalnız bu məbləği ödədikdən sonra işlərinə davam edə bilirlər. Sürücülərin dediklərinə görə, ikinci dəfə imtina edildikdə isə sürücünün hesabı şirkət tərəfindən bloklanır.
Amma şirkət tərəfindən çıxış yolu kimi irəli sürülən bu qaydalar da əslində problemi həll etmir. Çünki gedişin ləğvi üçün orada göstərilən digər səbəblər və ya sürücünün təklifi ilə müştəri tərəfindən gedişin ləğv edilməsi problemi qüvvədə saxlayır. Yəni şirkət tərəfindən irəli sürülən qaydalar həll yolu olmamaqla yanaşı, sanki problemlərin həlli istiqamətində hansısa işlərin görülməsi kimi görüntü yaratmaqdan başqa bir şey deyil.
Yazını bitirmək üzrə idik ki, bir həmkarımın rastlaşdığı problemlə bağlı sosial şəbəkədəki paylaşımı qarşıma çıxdı. O, artıq telefonundan “Bolt”un tətbiqini siləcəyini və bir də heç vaxt ondan istifadə etməyəcəyinə söz verdiyini yazmışdı. Maraqlananda məlum oldu ki, “Bolt” sürücüsünün etdiyi özbaşınalıq müştərini belə söz verməyə vadar edib. Belə ki, Sumqayıtdan “Abşeron Gənclər Şəhərciyi”nə getmək üçün taksi sifarişi verən jurnalist həmkarımız İlahənin tətbiqdə gediş haqqı məbləği 5.37 manat yazılıb. Ünvana çatanda isə taksinin sürücüsü Bəhruz adlı şəxs gediş haqqının 8.74 manat elədiyini deyib: “Deyirəm, bu necə olur? Cavab verir ki, “Bolt” hava yolunu ölçür, maşın yolu ilə 9 manat edir və bunu öz telefonunda mənə göstərir. Mən də öz telefonumda sifarişimin məbləğini sürücüyə göstərib deyirəm ki, 5.37 manat edir, amma mən sizə 6 manat vermişəm. Əlavə olaraq 1 manat da verirəm, amma 9 manat verməyəcəyəm. O əlavə pulu da ona görə verirəm ki, siz xərcə düşməyəsiniz. Bundan sonra sürücü hay-küy salmağa başladı. Gördü mən ona baş qoşmuram, başladı qarğış etməyə. İki övladımın yanında məni söyə-söyə avtomobili sürüb uzaqlaşdı. Bu şirkətin özbaşınalığı nə deməkdi axı…?! Bir saatdı əlaqə nömrəsi axtarıram, amma heç yerdə yoxdur. Bu fırıldaqçılığın yeni metodudur…”
Yerdə normal fəaliyyət göstərə bilməyən, barəsində şikayətlərin sayı tükənməyən “Bolt”un hava yolundan necə istifadə etməsi və bu yolu hansı cihazla ölçməsi də maraqlıdır.
Ümumiyyətlə, Azərbaycanda uçan taksilər varmı?!
Azərbaycan qzəzeti