Rusiya XİN: Ukraynaya silah tədarükü Moskva ilə Vaşinqtonun birbaşa toqquşma riskini artırır
Ukraynaya istənilən silah tədarükü Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskini artırır.
Məlumata görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Vaşinqtonun Ukraynanı HİMARS raket sistemləri ilə təchiz etmək qərarı fonunda Rusiya Federasiyası ilə ABŞ arasında açıq toqquşma riskinin artıb-artmayacağı barədə suala cavab verən Ryabkov vurğulayıb ki, artmaqda olan silah tədarükü bu cür riskləri artırır.
O, qeyd edib ki, ABŞ uzun illər Ukrayna münaqişəsinin həlli üçün nəsə etməyə cəhd göstərməyib: "Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra isə vəziyyətə məsuliyyətli, sağlam yanaşmanın qalıqları sadəcə olaraq aradan qaldırıldı. İndi Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün hər şeyi etməyə çalışır".
Qeyd edək ki, Ağ Ev ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcəyini açıqlayıb. Bu paketə HİMARS raket sistemləri də daxildir.