Prezident: "Məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir, bu, məni çox sevindirdi"
"Mən çox şadam ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Mən bunu alqışlayıram".
ENA.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.
"İkinci Qarabağ müharibəsi başa çatandan sonra mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər arasında sorğu keçirilsin, kim qayıtmaq istəyir, kim qayıtmaq istəmir. Çünki bilirsiniz, həyat elə şeydir ki, hər şey ola bilər. 30 il, 27 il böyük bir zaman kəsiyi idi. Məsələn, Zəngilan 27 il işğal altında idi, digər şəhər və rayonlarımız da bir qədər çox, bir qədər az. Elə insanlar var ki, artıq onlar həyat qurublar, haradasa işləyirlər, həyatdan da razıdırlar və heç yerə getmək istəmirlər, şəhərdə yaşayırlar, Bakıda, Sumqayıtda. İndi böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ deyil. Bunu hər kəs anlamalıdır.
Nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır və biz elə şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin. Ona görə dedim ki, sorğu keçirək və nəticələrinə baxaq. Çünki biz indi böyük işlərə start veririk, yaşayış evləri, məktəblər, xəstəxanalar – bütün bunlar hesablanmalıdır nə qədər adam yaşayacaq. Çünki böyük məsrəfdir. Mənə məlumat verildi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Mən belə də təxmin edirdim. Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının yurduna nə qədər bağlıdır. Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin" - dövlət başçısı əlavə edib.
Onun sözlərinə görə, insanların qayıdışı üçün şərait olmalıdır:
"Bax, biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, dünən isə Zəngilan şəhərlərinin Baş planı təsdiqləndi, artıq işlərə başlanılmışdır. İndi Ağdamda yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik".