Problemli kreditlərin bu ilin 4 ayı üzrə həcmi azaldı
Azərbaycanda aprel ayının sonuna vaxtı keçmiş kreditlərin həcmi 674,8 milyon manat təşkil edib. Bu, hesabat dövrü üzrə 6,2% azalma deməkdir. Beləliklə, ölkədə bank və bank olmayan kredit təşkilatları vasitəsilə verilən ümumi kreditlərin 3,7%-i problemlidir.
Azərbaycanın bank və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2022-ci ilin yanvar-aprel aylarında 7% artaraq 18 milyard 320 milyon manat olub. Təkcə apreldə bankların kredit portfeli 1,7% və ya 312,2 milyon manat artıb.
30 aprel 2022-ci il tarixinə dövlət payı olan banklar 3 milyard 597,1 milyon manat (artım 7,9 faiz) və ya bütün kreditlərin 19,6 faizi, özəl banklar 14 milyard 243,3 milyon manat (artım 6,9 faiz) və ya bütün kreditlərin 77,7%-ni verib. Yerdə qalan 479,6 milyon manat (artım 4,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
May ayının əvvəlinə verilən kreditlərin ümumi həcminin 13 milyard 872,1 milyon manatı milli valyutada (artım 9,2%), 4 milyard 447,9 milyon manatı isə xarici valyutada (artım 0,5%) olub. Bununla yanaşı, mayın əvvəlinə xarici valyutada olan kreditlərin xüsusi çəkisi 24,3% (2021-ci ilin sonunda - 25,8%) təşkil edir.
Bank kredit qoyuluşlarının strukturunda ticarət və xidmət sektoru üzrə 3 milyard 137,6 milyon manat (bütün kreditlərin 17,1%-i), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı - 724,6 milyon manat (4%), kənd təsərrüfatı/ meşə və balıqçılıq - 592 milyon manat (3,2%), tikinti və daşınmaz əmlak - 1 milyard 69,8 milyon manat (5,8%), sənaye və emal sektorunda - 1 milyard 25,1 milyon manat (5,6%), nəqliyyat və rabitə - 742,7 milyon manat manatı (4,1%), ev təsərrüfatları üzrə 9 milyard 460,7 milyon manat (51,6%), qalanı isə digər sahələr üzrədir. Bununla yanaşı, bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli yanvar-aprel aylarında 9,9% artıb (apreldə artım 2,1% və ya 197,9 mln. manat olub).