Çavuşoğlu və Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edəcək.
ENA.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Müzakirələr Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı çərçivəsində baş tutacaq.
İclasda müzakirə olunacaq məsələlər siyahısında Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin gedişatı da var.
Bildirilib ki, Ağ ev Ankara və İrəvan arasında qarşılıqlı xüsusi nümayəndələrin təyin olunmasını dəstəkləyir və iki ölkə münasibətlərinin normallaşması üçün aparılan danışıqları alqışlayır. Vaşinqton bu mövqeyini tərəflərə çatdırıb.
Toplantıda regionda baş verən proseslər barədə də fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, mayın 18-də Nyu-Yorkda ABŞ-ın dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı keçiriləcək. Toplantıda iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və qlobal məsələlərin müzakirəsi gözlənilir.