Ötən il Azərbaycanda qeydə alınan inflyasiya açıqlandı
2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7% artıb.
“BI” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ayrıca ötən ilin dekabr ayında isə noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.
Ay ərzində uzun düyünün, unun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, zeytun və qarğıdalı yağlarının, bananın, armudun, xurmanın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, çuğundurun, kartofun, soğanın, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində artım, yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişel və makaronun, mal ətinin, yumurtanın, limonun, portağalın, naringinin, almanın, kələmin, göyərtinin, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim, ayaqqabılar, mebel və ev əşyaları, minik avtomobilləri, planşet tipli kompüterlər, fotoaparatlar, dəftərxana ləvazimatları, zərgərlik məmulatları bahalaşıb, paltaryuyan maşınlar, kondisionerlər, minik avtomobilləri üçün ehtiyat hissələri, mobil telefonlar isə ucuzlaşıb. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dekabr ayında noyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri artıb, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.