Ağdam Sənaye Parkının yeni rezidentləri nə istehsal edəcək?
Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 9-a çatıb.
Yeni rezident “Agah Group” MMC Sənaye Parkının 1 hektar ərazisində müxtəlif ölçüdə “C”, “U” və “Z” metal profillərin, eləcə də anbar stellajlarının istehsalını nəzərdə tutan zavod inşa edəcək. İnvestisiya dəyəri 6.85 mln. manat olan layihə çərçivəsində 40 nəfər daimi işlə təmin ediləcək. Müəssisədə istehsal olunacaq məhsulların daxili və xarici bazarlara satılması planlaşdırılır.
Ağdam Sənaye Parkının digər yeni rezidenti BƏƏ kapitallı “Expert Services FZE” MMAZM-in AR-dəki Nümayəndəliyi (“Expert Services FZE” Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) tərəfindən Sənaye Parkının 1.2 hektarında ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində I mərhələdə ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası, II mərhələdə isə müxtəlif təyinatlı çalovların istehsalı nəzərdə tutulur.
İnvestisiya dəyəri 2.2 milyon manat olan müəssisədə 20-dək daimi iş yeri yaradılacaq.