Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 10 000-dən çox daimi iş yeri yaradılıb. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6.5 mlrd.manatdan çox məhsul istehsal edilib, bunun 2.1 mlrd. manatı (təqribən 32 %-i) ixrac olunub.
ENA.az İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82.6% çox (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119.9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.Agentlikdən verilən məlumata əsasən, 2022-ci ilin I rübündə 681 mln. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14.8%, qeyri-neft sənaye məhsullarının ixracında 36.3 % (318 mln. manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.
Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.