Sığorta

Sığortaçılar pullarının 30%-ni bankda saxlayırlar: agentlərə komissiya haqqı və reklam ödənişləri artıb

Azərbaycanda sığorta şirkətlərinin aktivlərinin həcmində kiçik bir azalma müşahidə olunur. Ümumilikdə isə sığorta şirkətlərinin nizamnamə kapitalında artım baş verib. 

Belə ki, 2021-ci il dekabrın 31-nə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 350 milyon 813 min manat təşkil edib. Bu, 2020-ci ilin sonuna olan göstəricidən 0,3% azdır. Sığorta şirkətlərinin bank hesablarındakı aktivlərinin həcmi 405 milyon 46,3 min manat olub. Ümumilikdə sığortaçıların aktivlərinin 30%-i banklardadır və buradakı azalma 7% təşkil edir.

Uzunmüddətli maliyyə aktivlərində 417 milyon 842,2 min manat yerləşdirilib və burada artım 9%-dir. Debitor borcların həcmində 10,9% azalma var və burada 144 milyon 8,9 min manat yerləşir. Qalan məbləğ isə digər aktivlərdə toplanıb.

2022-ci ilin əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 4% artaraq 396 milyon 237,9 min manat təşkil edib.

1 yanvar 2022-ci il tarixinə sektorun sığorta ehtiyatları 11,9% artaraq 754 milyon 835,8 min manat, ümumi bölüşdürülməmiş mənfəəti 27,3% azalaraq 85 milyon 349,7 min manat təşkil edib.

2021-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 197 milyon 621,4 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 1,7% çoxdur. Xərclərin 27,5%-i – 54 milyon 327,5 min manat (artım 2,4%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.

67 milyon 747,2 min manat (artım 17,4%) və ya xərclərin 34,3%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 9 milyon 565,6 min manat (azalma 42,2%), sosial ayırmalar 10 milyon 924 min manat (artım 13,8%), icarə ödənişləri 6 milyon 429,9 min manat (artım 4,3%) təşkil edib.

Bundan başqa, sığorta sektoru reklama 4 milyon 555,7 min manat (+37,3%) yönəldib.

2022-ci il yanvarın 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir), 20-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-si isə broker şirkətidir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)