Taleh Kazımov bank rəhbərləri ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüşüb.
Bu barədə AMB xəbər verir.
Məlumata görə, görüşün məqsədi milli iqtisadiyyatın inkişafında bank sisteminin rolunun artırılması ilə bağlı fikir mübadiləsi, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxış perspektivləri, ölkədə nağdsız ödənişlərin genişlənməsi və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olub.
Sədr Prezident İlham Əliyevin ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi hədəf və vəzifələri xüsusi qeyd edib, bildirib ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilib, bu istiqamətdə geniş-miqyaslı tədbirlər davam etdirilir.
Bank sektorunun dayanıqlıq göstəricilərinə diqqət çəkən T.Kazımov bankların ölkədə maliyyə inklüzivliyinin inkişafındakı aparıcı rolunu xüsusilə qeyd edib və bildirib ki, növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın inkişafına davamlı dəstək üzrə yeni hədəflərə nail olma və digər istiqamətlərdə aktiv işlər davam etdiriləcək.
Bank rəhbərləri çıxış edərək ölkədəki dayanıqlı inkişaf trendləri, maliyyə inklüzivliyinin artırılması, iqtisadi genişlənmə, bankçılıqda müasir tələblərə uyğun inkişaf perspektivləri barədə fikirlərini bildiriblər.