Gündəm

Consondan Ukraynaya 3 milyardlıq yardım: “Putin mifi dağıldı”

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna Ali Radasında onlayn çıxış edib.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Ukraynaya verilməsi nəzərdə tutulan 3 milyard funt sterlinq dəyərində olan yeni silahlar və müdafiə vasitələrindən danışıb. Söhbət artilleriya əleyhinə radarlardan gedir.

"Bizim yeni dəstək paketimiz var - 300 milyon funt sterlinq: şəhərlərinizi hədəf alan artilleriyanın yerini təyin etmək üçün radarlar, piyada və hücum qüvvələrinizi artırmaq üçün pilotsuz təyyarələr. Bizim məqsədlərimiz Ukraynanı elə gücləndirməkdir ki, heç kim ona təcavüz etməyə cəsarət etməsin”, - Britaniyanın baş naziri bildirib.

Bundan əlavə, onun sözlərinə görə, Böyük Britaniya yaxın həftələrdə Ukraynanı “Brimstone” gəmi əleyhinə raketlərlə təmin etmək niyyətindədir.
Conson Qərbin vaxtında Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsindən də danışıb. Deyib ki, Putin Rusiyasına vaxtında ciddi müqavimət olsaydı, o bu şəkildə azğınlaşmazdı.

Baş nazir "Biz kollektiv şəkildə uğursuz olduq" deyib.

B.Consonun sözlərinə görə, Böyük Britaniya Ukraynaya dəstəyini Rusiya imperalizmi çökənə qədər davam edəcək.  Conson əminliklə deyib ki, Rusiya Federasiyasının başladığı müharibədə Ukrayna qalib gələcək və azad olacaq.

Conson, həmçinin qeyd edib ki, hələ Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan əvvəl o, “Kremlin böyük səhv etdiyini bilirdi”.

"Putinin məğlubedilməzliyi mifi tüstü kimi dağıldı, ancaq ölkəniz qala kimi dayanıb. Putinin hərbi maşını Ukrayna vətənpərvərliyi qarşısında büdrədi və qəzaya uğradı. Sizin ölkəyə olan sevginiz onları dayandırdı. Ukraynalılar bütün dünyaya öyrətdi ki, təcavüzkarın gücü azadlığı seçmiş xalqa qarşı heç nə edə bilməz. Ukraynalılar sübut etdilər ki, öz müstəqilliyi uğrunda mübarizə aparan xalqları toplar, tanklarla əzmək mümkün deyil. Ona görə də mən inanıram və bilirəm ki, Ukrayna qalib gələcək!", - Böyük Britaniyanın baş naziri bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)