Sosial iqtisadiyyat

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

 Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastukturunun da qurulması işlərinə başlayıb.

Bu barədə "BI"yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

Ümumilikdə bu sistem aylıq və birdəfəlik sosial müavinət alanlardan ibarət 540 min nəfəri əhatə edəcək.

Qeyd edək ki, əlilliyi olan şəxslər (pensiya hüququ olmayan), sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, ailə başçısını itirənlər (pensiya hüququ olmayan), müharibə veteranları, müharibə əlillərinin, şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. aylıq sosial müavinət alırlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər, uşağın doğulmasına görə ailələr və s. birdəfəlik müavinətlə təmin olunurlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department