Rüşvətə görə həbs edilmiş gömrükçülər azadlığa buraxıldı
Rüşvət ittihamı ilə həbs edilən Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının məhkəməsi yekunlaşıb.
ENA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru Elmar Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib. İnspektorlar Ceyhun Şabanov, Emin Xəlilov, Azər Baxşıyev, Orxan Zöhrabov, Sadiq İsgəndərov və Rafael Əzizov 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar bu müddəti istintaq və məhkəmə dövründə keçirdiyinə görə məhkəmə zalından azadlığa buraxılıb. Mirağa Ağayev isə bəraət alaraq azadlığa çıxıb.
Qeyd edək ki, prokuror gömrük əməkdaşlarının 8 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Xatırladaq ki, gömrük inspektorları Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılmışdılar.