ENA+

"Kişi ürəyini tutub yıxıldı ki, baş qarışsın, həyat yoldaşı yoxlamadan keçsin" - GÖMRÜKDƏN REPORTAJ

Özünü ərəb kimi təqdim edən qadına ingilis dilində müraciət edən kimi o, özünü itirib

“Bu yaxınlarda bir azərbaycanlı qadın Dubaydan (Birləşmiş Ərəb Əmirlikləri – BƏƏ) gəlirdi. O, dövlət sərhədini keçəndən sonra ayaqyolunda əsasən ərəb ölkələrində istifadə olunan xüsusi paltarı geyinib, ancaq gözləri görünüb, sərbəst şəkildə “Yaşıl kanal”dan keçmək istəyəndə əməkdaşımız şübhələnib. Ona ingilis dilində müraciət edilib ki, yüklərini “Qırmızı kanal”dan keçisrin. Qadın da deyiləni başa düşmədiyi üçün çaşıb. Həmin vaxt onun həyat yoldaşı olan bir cavan oğlan əməkdaşımıza yaxınlaşdı və birdən ürəyini tutub yıxıldı ki, baş qarışsın, həyat yoldaşı yoxlamadan keçsin. Təbii ki, biz oğlana ilkin tibbi yardım göstərdik, amma qadını da buraxmadıq”. 

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini Elmir Quliyev bildirib. 

İdarənin ərazisində reportaj hazırlamaq üçün bizə bələdçiliyi o edirdi. 

Reportajımıza İdarənin xidmət mərkəzindən başlayırıq. Mərkəzin qapısından içəri girəndə sol tərəfdə bəyannamələrin verilməsi üçün köşk, sağ tərəfdə isə mal gətirənlərin rüsumlarını ödəməsi üçün banklardan birinin şöbəsi fəaliyyət göstərir. Qarşıda isə gömrük əməkdaşlarının xidməti masaları var.

Hər bir vətəndaş şəxsi istifadə üçün ölkəyə 1 500 ABŞ dolları dəyərində mal gətirə bilər

Elmir müəllim deyir ki, gömrük sistemindəki 27 illik fəaliyyəti dövründə dediyi xoşagəlməz hallarda çox rastlaşıb. Onun sözlərinə görə, belə halların aşkar olunması üçün gömrük işçiləri xüsusi psixoloji hazırlıq keçir: "Bizim əməkdaşlarımız psixoloq olmalıdır".

Söhbətimizə insanları ən çox maraqlandıran məsələlərdən biri – malların güzəştli qiymətə ölkəyə gətirilməsi ilə davam edirik. I müavin deyir ki, hər bir vətəndaş şəxsi istifadə üçün ölkəyə 1 500 ABŞ dolları dəyərində mal gətirə bilər, amma bir maldan iki dənədən çox olmamaq şərti ilə. 

"Şəxsi istifadə üçün bir maldan yalnız 2 ədəd gətirilə bilər. Təsəvvür edək ki, hər hansı şəxs ölkəyə gəlir və özü ilə 1 500 dollarlıq deyil, 500 dollarlıq mal gətirir. Amma bu mallar şəxsi istifadə sayından çoxdursa, 2 ədədi çıxmaq şərti ilə qalan mala rüsum hesablanır. Biz malın dəyərini qəbz (invoys) əsasında və yaxud internet vasitəsilə müəyyən edirik. Onu da deyim ki, məbləğə qoyulmuş limit həddi buluğa çatmayanlar üçün 1 500 dollar deyil, 500 dollardır", - deyə o, qeyd edir. 

E.Quliyevin “1 500 dollarlıq limit bir aylıq, yoxsa bir illik nəzərdə tutulur?!” sualına cavab da qısa olur: “Təbii ki, bu, bir aylıq nəzərdə tutulur”. 

Gəzə-gəzə gəlib gözləmə zalında yerləşdirilmiş sensorlu, böyük monitorun yanına çatırıq. Burada Komitənin internet səhifəsi açıqdır. Növbə gözləyənlərdən biri bəyannamə doldururdu. Elmir müəllimə daha bir sual veririk: "Tutaq ki, bir vətəndaş xaricdən gətirdiyi ödəniş qəbzində qiymət 500 dollar göstərilib, amma siz internet vasitəsi ilə bu məhsulun başqa qiymətə olduğunu müəyyən edirsiniz. Bəs bu zaman mübahisələr necə həll olunur?"

"Biz həm də vətəndaşın xaricə gediş-gəlişinin mütəmadiliyini nəzərə alırıq. Hər bir insana fərdi yanaşmaq lazımdır. Əgər vətəndaş endirimlə mal alırsa və qəbz təqdim edirsə bu qəbzi  araşdırırıq. Həqiqətən də həmin məhsul bu qiymətə satıla bilərsə, qəbz qəbul olunur. Elektron şəkildə təqdim edilən bəyannamədə vətəndaşın əvvəlki səfərlərdə özü ilə nə gətirməsi ətraflı qeyd edilir. Əgər bir neçə ay eyni məhsul gətirilirsə, deməli bu şəxsi istifadə üçün deyil, kommersiya məqsədi üçün nəzərdə tutulub. Bir televizoru və yaxud telefonu axı nə qədərsə işlətmək olar.”

 

Ölkəyə gətirilən və bayan edilməyən malın dəyəri 4 min dolları ötərsə cinayət işi açılır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xidmət mərkəzində növbə təyin etmə sistemi ilə maraqlanırıq. Elmir müəllim deyir ki, vətəndaşlar içəri daxil olarkən xüsusi qurğuda xidmət növünü seçir və çap olunmuş qəbzdə növbəsi göstərilir. Növbə gözləyən şəxs həmin vaxtı səmərəli keçirmək üçün quraşdırılmış xüsusi monitor vasitəsi ilə DGK-nın digər xidmətlərindən yararlana, rəsmi şəxslərə məktub ünvanlaya bilər.

E.Quliyevdən hansı hallarda qaydaları pozan şəxslərin cinayət məsuliyyətinə cəlb edildiyini soruşuruq. Öyrənirik ki, malın dəyəri 4 000 dolları keçərsə həmin şəxslə hakim söhbət edir:

“Bilirsiniz ki, bizdə “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunur. Biz çalışırıq ki, vətəndaşlarımızı maarifləndirək. Cinayəti törədən onu bilib-bilməməyindən asılı olmayaraq cəzadan azad olmur. Beynəlxalq səviyyədə qəbul edilmiş normaya görə, “Yaşıl kanal”a daxil olan şəxs artıq bəyan etmiş olur ki, mənim gömrüyə bəyan olunası heç bir malım yoxdur. “Qırmızı kanal”da isə əvvəlcədən bəyannamə yazılmalıdır və vətəndaş bəyannamə ilə birgə malı təqdim etmək üçün gömrük nəzarət zonasına daxil olur. Əgər vətəndaş “Yaşıl kanal”a bilməyərəkdən daxil olarsa, biz ondan şübhələnib saxlayırıq. Araşdırma nəticəsində həmin şəxsin bəyan etməli malının olduğunu aşkar ediriksə o, rüsuma cəlb edilir. Əgər bəyan edilməyən malın dəyəri 4 min dolları keçərsə artıq ona cinayət işi açırıq”.

 

Gün ərzində 500-ə yaxın müraciətə baxılır

Gömrük əməkdaşlarının göstərdiyi xidmətin qiymətləndirilməsi üçün quraşdırılan monitorun qarşısında söhbətimizə ava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisn müavini Müslüm Səfərov qoşulur. O, deyir ki, hazırda əsas məqsədlərindən biri insanların gözləmə müddətinin daha da azalmasına nail olmaqdır: “Gün ərzində orta hesabla 450-500 arası gömrük bəyannaməsi yazılır. Bizdə tablolar yaradılıb, proseduralar seçilib. Hər bir vətəndaş yaxınlaşıb istədiyi proseduru seçə bilər. Daha sonra sıra növbəsi alıb gözləyir. Bu da bizim işin sürətli olmasından asılıdır. Burada həmçinin məmnunluq planşetləri yaradılıb. Hətta bu planşetlərdə öz qeydlərini anonim də qoya bilərlər. Gün ərzində müraciət edənlərin hamısının müraciətlərinə baxılır. Yəni növbəti günə heç bir şəxs saxlanılmır. Hazırda bizdə xarici ölkələrlə rabitə də yaradılıb və hansısa sənəd, məbləğ şübhə doğurarsa istənilən xarici ölkə, şirkətlə çox rahat əlaqə saxlayıb qiymətləri müəyyən edə bilirik. Bu gün əsas məqsədimiz vətəndaş məmnunluğunu daha da artırmaqdır”.

 

Eyni anda 26 inspektor müraciətlərə baxa bilər

Rəis müavini deyir  ki, bütün prosedurlar elektronlaşdırılıb. Burada isə məqsəd gömrükçü-vətəndaş təmasını minimuma endirmək və şəffaflığı daha da artırmaqdır: “Bu gün operativ sistemdə eyni anda 14 inspektor çalışır. Bu 14 nömrə sistemi deməkdir. Həmçinin 2-ci zona yaratmışıq. Orada da 12 inspektor çalışır. Lazım olanda onlar da kömək edirlər. Faktiki olaraq 26 inspektor çalışır və eyni anda 26 müraciətə baxılır. Bu işin gedişindən, ödənişlərdən, yükün spesifikasiyasından və sayından asılıdır. Adam var bir adda, adam da var 100 adda yük gətirir və bir nəfər bəyannamə ilə yaxınlaşır. Gömrük əməkdaşı da onu bir-bir araşdırmalıdır. Biz iş adamları ilə çox görüşlər keçirmişik. Əvvəllər onlar narazı idilər, amma indi çox razıdırlar. Biz istədik onlayn sistemlə bağlı bəzi nüansları işləyək. Amma gördük ki, onlayn sifarişlər olanda da adamlar vaxtında gəlmir. Bizdə hava nəqliyyatıdır. Elə şeylər var ki, bizdən asılı deyil. Marşrutlarda dəyişiklik ola bilər. Bu da sistemi pozur. Gələcəkdə isə burada vətəndaşlar, iş adamları deyil, onların təmsilçisi kimi iqtisadi operatorlar olacaq”.

Mərkəzdən ayrılıb Heydər Əliyev Beynəlxalq Aeroportuna getmək istəyirik. Həyətdəki Rusiya, İran, Türkiyə, Gürcüstan dövlət nömrə nişanlı avtomobillər diqqətimizi çəkir. E.Quliyev fotoqrafa həmin maşınların şəkillərini çəkməyi xahiş etdiyimi görüb izah edir: “Azərbaycana şəxsi avtomobili ilə gələn xarici ölkə vətəndaşları hansısa səbəbdən ölkəni təyyarə ilə tərk etmək istəyərsə avtomobilini gətirib bizim meydançaya təhvil verir və gedir. “Xüsusi diqqət siyahısı”nda həmin şəxsə məxsus nəqliyyat vasitəsi girov kimi qeyd edilir və sərhəd keçmə zamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşları Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemində (AMAS) onu görür”.

Bununla da xidmət mərkəzində sonuncu işimizi görüb hava limanına gedirik. E.Quliyev xidmət zamanı özünün və digər gömrük əməkdaşlarının başına gələn maraqlı hadisələrdən danışır. Deyir ki, xaricilər gömrük yoxlama məntəqəsindən keçəndə daha sərbəst olurlar. Bu səbəbdən özünü əcnəbi kimi qələmə verən azərbaycanlıları tapmaq asan olur. Hava Limanına çatıb “Qırmızı kanal” və “Yaşıl kanal”ın ərazisinə daxil oluruq. Prosesi bir qədər müşahidə etdikdən sonra suallarımıza davam edirik.

 

Gömrükdən nəinki quş, hətta onun “qripi” də qanunsuz keçə bilməz

E.Quliyevdən daha bir əhəmiyyətli məsələyə aydınlıq gətirməsini istəyirik: "Bildiyiniz kimi, Gürcüstanda “Donuz qripi” adı ilə tanınan H1N1 virusu yayılıb. Artıq qonşu ölkədə bu xəstəlik nəticəsində ölənlər də var. DGK-nın mətbuat xidmətinin bir müddət əvvəl yaydığı məlumata görə, sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır. Bu işlərin nədə ibarətdir?". 

Gömrük rəmisi əli ilə gömrük əməkdaşına nəyisə işarə edir. Heç iki dəqiqə keçməmiş siqnalizasiyanın səsi bütün hava limanına yayılır. Çevriləndə arxamızda əlində stəkanda isti su tutan gömrük əməkdaşını gördük. Birinci müavin əli ilə yuxarıda asılmış termo kameraları göstərdi: “Bu kameralar vasitəsi ilə kanala daxil olan sərnişinin bədən temperaturu yoxlanır. Əgər hərarət normadan yüksəkdirsə avtomatik siqnalizasiya işə düşür. Bura həm “Donuz qripi” kimi tanınan H1N1 virusu, həm də “Quş qripi” bildiyimiz H5N1 virusu da daxildir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)