Birja

Azərbaycanda yüksək gəlirli istiqraz buraxılır – İLLİK 18% QAZANC

Azərbaycanda son illərin manatla ən yüksək qazanclı istiqrazı buraxılacaq. "Kəpəz" Bank Olmayan Kredit Təşkilatı (BOKT)özünün ilk istiqrazlarını yerləşdirməyə hazırlaşır.

BOKT-dan bildirilib ki, istiqraz buraxılışının ümumi həcmi böyük deyil – cəmi 700 min manat. Hər birirnin nominal dəyəri 1 000 manat olan 700 ədəd istiqraz buraxılacaq.

24 aylığa buraxılan istiqrazların illik gəlirliyi 18% təşkil edəcək. Şirkətdən bildirilib ki, istiqrazların qapalı üsulla yerləşdirilməsi nəzərdə tutulur, amma kənar investorlar da müraciət edib kağızları ala bilərlər. İstiqrazlar üzrə faizlər hər ay ödəniləcək.

Göründüyü kimi, "Kəpəz" BOKT-un istiqrazları hazırda bazarda mövcud olan digər manat istiqrazları ilə müqayisədə daha yüksək qazanc təklif edir. Müqayisə üçün bildirək ki, bir qədər əvvəl buraxılmış "Embafinans" BOKT-un istiqrazları 11,5% gəlir vəd edirdi. "Metak" istiqrazlarının gəlirliyi isə 10% ətrafındadır.

Ümumiyyətlə, son illər ərzində manat istiqrazları üzrə belə yüksək qazancı Maliyyə Nazirliyi təklif edib. Bir neçə il əvvəl nazirliyin 2-3 illik qiymətli kağızlarında gəlirlik 20%-ə yaxınlaşırdı. Amma hazırda bu göstərici 12-13% ətrafındadır.

"Kəpəz" BOKT-dan bildirilib ki, istiqrazların buraxılışından əldə olunacaq vəsaitlər kreditləşməyə sərf olunacaq: "Bu istiqrazların yerləşdirilməsindən sonra yeni emissiyalar da olacaq".

Xatıraladaq ki, “Kəpəz” BOKT respublikanın Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonlarında fəaliyyət göstərir. BOKT tərəfindən istehlak və biznes kreditləri verilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)