Azərbaycanda Amerika Ticarət Palatasına ilk dəfə qadın prezident seçilib
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") Direktorlar Şurasına və Prezidentliyinə seçkilər keçirilib.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, Nərgiz Nəsrullayeva - Müdüroğlu "AmCham Azerbaijan"ın ilk qadın prezidenti seçilib.
O, Harvard Kennedi Məktəbinin məzunudur, dövlət və özəl sektorda 25 il iş təcrübəsi var. Hazırda Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri olan xanım Nəsrullayeva-Müdüroğlu bundan əvvəl 11 il "AmCham Azerbaijan"ın icraçı direktoru olub. Onun dövründə Palatanın üzvləri olan şirkətlərin sayı 90-dan 300-ə çatıb, üzvlər üçün xidmətlərin əhatə dairəsi genişlənib. Bundan əlavə, o, "AmCham Azerbaijan"ın siyasətini, qanunvericilik işini gücləndirərək qurumu biznesin real səsi və ölkənin iqtisadi inkişafında müsbət qüvvəyə çevirməyə nail olub.
"AmCham Azerbaijan" 1996-cı ildən ölkədə fəaliyyət göstərir, hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil edən 250 üzv şirkəti özündə birləşdirir. Palata hökumətlə özəl sektor arasında körpü rolunu oynayır və müvafiq dövlət qurumları ilə davamlı konstruktiv və nəticəyönümlü dialoq aparır, üzvlərinin biznes maraqlarını təşviq edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.