Rusiyanın ixrac etdiyi neftin 70%-nə alıcı tapmır, Brent kəskin bahalaşdı
Neftin qiyməti yüksəlməkdə davam edir, yeni zirvələri təzələyir. Böyük xarici alıcılar Ukrayna ətrafındakı vəziyyətə görə Rusiya neftini boykot edir, alternativ tədarük mənbələri tapmağa çalışırlar ki, bu da qiymətləri daha da artıra bilər.
“Energy Aspects” konsaltinq şirkətinin məlumatına görə, Rusiyanın ixrac etdiyi neftin təxminən 70%-i alıcı tapmaqda çətinlik çəkir. Bloomberg-in məlumatına görə, Rusiyanın "Surqutnefteqaz" şirkəti üç gün ardıcıl olaraq satışa çıxarılan nefti sata bilmir.
Londonun ICE Futures birjasında cümə axşamı saat 9:10-a Brent markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 117,26 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 4,33 dollar (3,83%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda aprel ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 114,45 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 3,85 dollar (3,48%) çoxdur.
Beynəlxalq Enerji Agentliyinin (IEA) strateji ehtiyatlardan 60 milyon barel neft çıxarmaq qərarı bazarda vəziyyəti sakitləşdirə bilməyib.
Seulda Samsung Futures Inc şirkətinin əmtəə üzrə analitiki Kim Kwangrai, "Bazarın tədarük çatışmazlığı ilə üzləşəcəyi ilə bağlı real qorxu var. Ukraynada vəziyyət normallaşmazsa, biz neft bazarında növbəti ralli görəcəyik. "
OPEC+ ölkələri isə neft hasilatının artırılması tempini sürətləndirmək niyyətində deyillər, çərşənbə günü aprel ayında hasilat kvotalarını sutkada 400 min barel artırmaq planını saxlamaq qərarına gəliblər.
Çərşənbə günü keçirilən görüşdə qeyd olunub ki, “neft bazarının hazırkı əsasları və onun perspektivləri ilə bağlı konsensus yaxşı balanslaşdırılmış bazardan xəbər verir və hazırkı volatilliyin səbəbi bazar əsaslarının dəyişməsi deyil, cari geosiyasi hadisələrdir”.