Sığorta

ENA.az-ın yazarı sığorta üzrə yazı müsabiqəsinin qalibi oldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının jurnalistlər arasında təşkil etdiyi yazı müsabiqəsi layihəsi yekunlaşıb.

ASA-dan verilən məlumata görə, Assosiasiyanın 2021-ci ilin 1 dekabr tarixində jurnalistlər arasında start verdiyi “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusuna həsr olunmuş yazı müsabiqəsi layihəsi sona çatıb və qaliblər bəlli olub.

Yazı müsabiqəsində 1-ci yerə “Sığorta xidmətləri bizi əhatə edən risklərə kifayət qədər dolğun təminat verə bilir” başlıqlı yazısı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Samirə Quliyeva, 2-ci yerə “Günə 8 qəpik ödə, sığortalı evdə otur: Eviniz, obyektiniz, malınız necə sığorta olunmalıdır? – Hesablama qaydası” başlıqlı yazısı ilə “Ena.az” iqtisadi xəbər agentliyinin yazarı İlhamə Xanlarqızı, 3-cü yerə isə “Risklərin idarə edilməsində sığortanın rolu” başlıqlı yazısı ilə “İndex.az” iqtisadiyyat xəbərləri portalının müxbiri Kəmalə Alıyeva layiq görülüb.

Bu münasibətlə Azərbaycan Sığortaçılar Assosiasiyasının inzibati binasında qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq müəyyənləşdirilmiş pul mükafatları və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandumu çərçivəsində təşkil olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department