Gündəm

DANX-nin rəisi: "Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı"

“Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı. TIR sürücülərinin bugünkü etiraz aksiyasında adı hallanan əməkdaşımız isə 7-8 gündür ki, məzuniyyətdədir”.

ENA.az xəbər verir ki, bunu REAL TV-nin efirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev töhmət alması, qurumun şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

"Həmin şöbə müdiri ötən ayın əvvəlində əməliyyat keçirmişdi. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etdik ki, işə çıxsın. Gərginlik azalandan sonra o, məzuniyyətini davam etdirir”, - deyə DANX-nin rəisi qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında 4 TIR sürücüsü DANX-yə etiraz olaraq Bakının Heydər Əliyev prospektini bağlayıb. Onlar səbəb kimi icazə vərəqələrinin verilməməsini göstərib, A.Rzayev və M.Əliyevi ittiham ediblər. Mətbuatda A.Rzayevə töhmət verilməsi, M.Əliyevin vəzifəsindən azad edilməsi barədə xəbər yayılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)