Gündəm

Ukraynada müharibə isterikası: Ölkə iqtisadiyyatı böyük itkilərlə üzləşə bilər

Ukrayna ilə Rusiya arasında yaranan gərginlik, son dövrlər müharibənin başlanacağı ilə bağlı yaradılan ajiotaj Ukrayna iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir. Artıq son həftə ərzində Ukraynanın valyuta bazarında qrivnanın sürətlə ucuzlaşması, bəzi xarici şirkətlərin, bəzi xarici diplomatik korpusların fəaliyyətini məhdudlaşdırması ölkədə normal iqtisadi mühitin ritmini pozub. Pandemiyanın maliyyə böhranı yaratdığı bir zamanda müharibə ajiotajı Ukraynada inflyasiyanı daha da sürətləndirib.

Ukrayna Analitik Mərkəzinin rəhbəri Oleksandr Oxrimenko açıqlamasında bildirib ki, Ukrayna hökuməti qabaqlayıcı tədbirlər görməsə, ölkənin maliyyə durumu çətin vəziyyətə düşə bilər.

“İndi təhlükəli olan Rusiyanın hücumu deyil, Ukraynaya qarşı iqtisadi müharibədir. Əgər Ukrayna hakimiyyəti təcili tədbir görməsə, ölkə iqtisadiyyatında həqiqətən böyük itkilər olacaq”, deyə Oleksandr Oxrimenko əlavə edib.

Mərkəzin rəhbəri hesab edir ki, müharibə ilə bağlı istənilən isterika həmişə pisdir. Ancaq burada iki nüans var. Bu isterikadan istifadə edən “işbazlar”ın qazandığı imkanlar, digəri isə biznesə dəyən ziyandır. Ən pisi isə belə məqamda qiymətlərin qalxması, inflyasiyanın sürətlənməsidir.

“Bu dönəm Ukraynada valyuta möhtəkirləri üçün çaxnaşma yaratmaq üçün “əlverişli”dir. Bununla da yaxşı pul qazanırlar”, - deyə iqtisadi ekspert vurğulayıb.

Proseslərin görünən tərəfi odur ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi barədə yaradılan çaxnaşma iş adamların, kapitalın ölkədən çıxarılmasına təsir göstərir, bu da ölkəni iqtisadi baxımdan zəiflədir. Xarici ölkələr tərəfindən dəyərsizləşən Ukrayna aktivlərinin daha ucuz qiymətə alınması prosesi asanlaşır. Son 10 gün ərzində Ukrayna avrobondların qiyməti aşağı düşməkdə davam edir.

Bəzi yerli ekspertlər hesab edirlər ki, Qərbin hərbi isterikası və "hücumun dəqiq tarixləri" Ukrayna iqtisadiyyatını sistematik şəkildə məhv edir. Ukrayna xarici kredit borclarını yığmaqla gələcəkdə sabit iqtisadi mühitini sual altına qoyur. Ekspertlər hesab edirlər ki, sonda heç kim kömək etməyəcək. Böyük siyasi öhdəlikləri olan növbəti kreditlər budur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)