Qarabağ

Bakıdan Şuşaya mart ayı üçün avtobus biletlərinin satışına başlanılıb

Azərbaycanda mart ayı üçün Bakı-Şuşa-Bakı istiqamətində avtobus biletlərinin satışına başlanılıb.

ENA.az xəbər verir ki, bilet satışı həmişəki kimi yolumuzqarabaga.az saytı üzərindən həyata keçirilib.

Xatırladaq ki, artıq fevral ayı üçün sözügedən avtobus reyslərinə biletlər tam satılıb. Mart ayı üçün isə bilet satışının bu gündən başlamasına baxmayaraq isə ayın ilk həftələrinə olan avtobus reyslərinə bilet qalmayıb.

Azərbaycanda yanvarın 24-dən Bakı, Əhmədbəyli və Bərdədən Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Şuşa istiqamətində səfərlər əvvəlcə həftədə 2 dəfə olsa da, sonradan tələbat nəzərə alınaraq reyslərin sayı 3-ə çatdırılıb. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə həftədə 2 dəfə avtobus reysləri var.

Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manatdır. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)