2021-ci ildə müştərilər pulunu daha çox hansı banklara etibar ediblər - RENKİNQ
Azərbaycan bankçılığında idarəetmə metodları və müştəri kampaniyaları ilə bankın ümumi işinə müəyyən qədər qiymət vermək mümkündür. Bu danılmaz faktdır ki, hazırda çevik bankçılıq - ənənəvi bank idarəetməsini üstələyir.
Məsələn, vaxtilə Azərbaycan bank sektoru üçün bir xarici nümunə olan Accessbank-dan çıxan kadrların digər banklarda göstərdikləri performanslar da ancaq müsbət dinamika göstərir. Bunu YeloBank və Bank Respublikanın timsalında aydın görmək mümkündür. Avropa bankçılığının “şineli”ndən çıxan kadrların digər banklara transferi ancaq uğurlu nəticə verir.
Bunu hər iki bankın maliyyə vəziyyətinin ötən bir neçə ildə düzəlməsi də göstərir. Ölkə əhalisinin əmanət qoyuluşunda 2021-ci ildə Yelo Bank ümumiyyətlə əla göstərici sərgiləyib.
ENA.az-ın təqdim etdiyi, depozit portfeli üzrə bir illik renkinqə görə, YeloBank depozit portfelini 49,4% artırıb və 464,9 milyon manata yüksəldib. Bank aldığı bu vəsaitləri çevik kreditləşməyə yönəldib və qarşıdakı dövrdə bu onun gəlirlərinə də müsbət təsir edəcək.
Depozit portfelindəki artım dinamikasına görə ikinci sırada Turanbank qərarlaşıb, bankdakı bu vəsaitlər 32,9% yüksələrək 417,5 milyon manat olub. Artım dinamikasında üçüncü yeri isə Azərbaycan Beynəlxalq Bankı - 32.8% ilə tutur.
Depozitlərin azalmasında, qeyd edək ki, depozitlər həm də bankların öhdəliklərinə daxildir, yəni müştərilərin bankdakı pullarıdır, Pakistan Milli Bankı NBP Bakı filialı böyük kiçilmə nümayiş etdirib. İllik 405% azalma nəticəsində 2021-ci ilin sonunda bankdakı depozitlərin həcmi 600 min manata düşüb. Digər mənfilər sırasında Azərbaycan Sənaye Bankı ASC, Xalq Bank ASC-nin də göstəriciləri yer alır.