Türkiyə əhalisinin sayı artıb
Türkiyə əhalisinin sayı 2021-ci ildə əvvəlki ilə nisbətən 1 milyon 65 911 nəfər artaraq 84 milyon 680 273 nəfərə yüksəlib.
ENA.az xəbər verir ki, bununla bağlı qardaş ölkənin Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə əhalisinin 42 milyon 428 101 nəfərini kişilər, 42 milyon 252 172 nəfərini isə qadınlar təşkil edir. Yəni, əhalinin 50,1 faizi kişilər, 49,9 faizi isə qadınlardan ibarətdir. Bununla da ölkə əhalisinin illik artım tempi 2020-ci ildə mində 5,5 olduğu halda, 2021-ci ildə mində 12,7 təşkil edib.
Dünyanın ən böyük meqapolislərindən biri olan İstanbulda əhali sayı əvvəlki ilə nisbətən 378 448 nəfər artaraq 15 milyon 840 900 nəfərə çatıb. Türkiyə əhalisinin 18,71 faizinin yaşadığı İstanbulu 5 milyon 747 325 nəfərlə paytaxt Ankara, 4 milyon 425 789 nəfərlə isə İzmir izləyir. Əhalisi ən az olan vilayət isə Tuncelidir. Burada 83 645 nəfər yaşayır.
Ölkədə 2021-ci ildə müəyyən edilən orta yaş həddi isə 33,1-ə yüksəlib. Belə ki, əvvəlki ildə bu rəqəm 32,7 olub.