Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planlaşdırır
Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiya inşa etməyi planlaşdırır. Planlaşdırılan kosmik stansiyada film çəkilişlərinin, televiziya üzrə canlı yayımların və idman hadisələri ilə mahnı yayımlarının reallaşdırılması nəzərdə tutulub. Bu məqsədlər üçün nəzərdə tutulmuş kosmik stansiyanın SEE-1 adını əldə edəcəyi güman edilir. Kosmik stansiya aşağı orbitdə və çəkisizlik şəraitində kontent yaratmaq istəyən bütün rəssamlar, prodüsserlər və kreativ insanlar üçün açıq olacaq.
Kosmik stansiya modulunun hazırlanması prosesinə Axiom Space adlı şirkət cəlb ediləcək. Qeyd etmək lazımdır ki, sözügedən şirkət BKS (Beynəlxalq Kosmik Stansiya) üçün kommersiya məqsədli komponentlərin hazırlanması üzrə bu ay NASA-dan icazə alıb. SEE-1 kosmik stansiyası Axiom Space şirkətinin Axiom Station adlı kommeriya məqsədli şöbəsi ilə əlaqəli olacaq. Sözügedən şöbə həmçinin kommersiya məqsədli digər müəssisələri də özündə birləşdirəcək. Bura həmçinin kosmik turizm sahəsi də daxil olacaq.
“Axiom Station dünyanın ilk kommersiya məqsədli kosmik stansiyası olacaq. Baza infrastrukturu kimi yaradılacaq bu kosmik stansiya Yer kürəsinin orbitində müxtəlif iqtisadi xidmətləri təklif edəcək. Axiom Station-un kommersiya məqsədli imkanlarına SEE-1 kimi xüsusi əyləncə faktorlarının daxil edilməsi öz növbəsində stansiyanın faydalı imkanlarını genişləndirəcək” - deyə şirkətin CEO-su və prezidenti Michael Suffredini bildirib. Space Entertainment Enterprise şirkətinin həmtəsisçiləri olan Dmitry Lesnevsky və Elena Lesnevsky sözügedən innovasiyalı infrastrukturun maliyyələşdirilməsi üçün vəsait toplama prosesinə start verməyi planlaşdırırlar.