Bakı-Gəncə qatarındakı qiymətlərə nə daxildir? - SİYAHI
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrın 29-da Bakı-Gəncə-Bakı sürət qatarı yola düşüb.
“BI” xəbər verir ki, dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes klass (62 yer) və standart (296 yer) olmaqla, 367 oturacaq yeri mövcuddur. 3 kateqoriyaya aid olan yerlərin isə hər birinin ayrıca qiyməti var.
Belə ki, Bakı-Gəncə-Bakı sürət qatarında sonuncu stansiyaya qədər gedən sərnişinlər üçün standart sinifdə qiymət 15, biznesdə 50, birinci klassda isə 100 manatdır.
Hazırda sərnişinləri maraqlandıran məsələ isə müxtəlif kateqoriyalarda göstərilən xidmətlərdə gediş haqqına nələrin daxil edilməsidir.
“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. O, qeyd edib ki, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda sərnişinlərin rahatlığını təmin etmək üçün maksimum şərait yaradılıb.
Standart kateqoriyalı vaqonlarda (15 manat) gediş haqqına sendviç, şirə, su;
Biznes vaqonlarda (50 manat) iki növ sendviç, şirə, su;
Birinci klass yerlərdə (100 manat) isə soyuq yemək, kofe, çay, şirə və su daxildir.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.