Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8% azalıb
2021-ci ildə əsas kapitala 16 127 mln. manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8.2% az vəsait yönəldilib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5.6%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9.6% azalıb. İstifadə olunmuş vəsaitin 10536.7 mln. manatı və ya 65.3%-i məhsul istehsalı sahələrinə, 4560.8 mln. manatı (28.3%-i) xidmət sahələrinə, 1029.5 mln. manatı (6.4%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11794.3 mln. manatını və ya 73.1%-ini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11015.7 mln. manatı və ya 68.3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54.7%, büdcə vəsaitləri 25.7%, sair vəsaitlər 7.5%, bank kreditləri 6.1%, əhalinin şəxsi vəsaitləri isə 6% təşkil edib.