Sığorta şirkətlərinə olan borcların həcmi 23,1% artıb
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 29 milyon 849,1 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3,7 dəfə azdır. Hesabat dövründə sığorta sektorunun gəlirləri 2020-ci ilin 9 ayı ilə müqayisədə 5,8% - 700 milyon 108,8 min manata qədər azalıb.
Sığorta haqları 5,3% - 672 milyon 863,2 min manata qədər artıb, xalis sığorta ehtiyatları 68 milyon 962,5 min manat azalıb.
İnvestisiya gəlirləri 44,504 milyon manat (azalma 12,5%), sığorta haqlarında təkrar sığortaçıların payı 35 milyon 663,2 min manat (artım 1,9 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 7,5% - 662 milyon 73,2 min manatadək artıb. Sığorta ödənişləri 406 milyon 825,2 min manat (artım 31%), təkrar sığorta ödənişləri 89 milyon 188,7 min manat (azalma 30,7%), işin aparılması xərcləri 145 milyon 758,1 min manat (artım 0,7%) təşkil edib.
2021-ci ilin 9 ayı ərzində sığortaçılar 8 milyon 186,5 min manat məbləğində (azalma 55%) mənfəət vergisi ödəyiblər.
2021-ci il sentyabrın 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 360 milyon 806,4 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,5% çoxdur.
Bank hesablarında 372,755 milyon manat və ya aktivlərin 27,4%-i (azalma 14,4%), uzunmüddətli maliyyə aktivlərində 418 milyon 729,5 min manat (artım 9,3%), debitor borclarında 198 milyon 853,5 min manat (artım 23,1%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2021-ci il oktyabrın əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 389 milyon 628,2 min manat (artım 2,2%) təşkil edib.
1 oktyabr 2021-ci il tarixinə sektorun sığorta ehtiyatları 752 milyon 65,8 min manat (artım 11,5%), ümumi bölüşdürülməmiş mənfəəti 60 milyon 333,7 min manat (azalma 1,9 dəfə) təşkil edib.
2021-ci il oktyabrın 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1878,3 manat təşkil edib, bu isə 2020-cu ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.
Ötən il oktyabrın 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir), 20-i sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 12-i isə broker şirkətidir.