MALİYYƏ

Nazir müavini: İnzibatçılıqla olsaydı, indiyə qədər olardı

Azərbaycanda əmək qabiliyyətli insanların sayı 4,5 milyon nəfərdir, bunlardan yalnız 1,5 milyonu muzdlu işlə məşğuldur. 

"BI" xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, yerdə qalanların bir hissəsi özünüməşğulluq sistemində, bir hissəsi isə həyətyanı təsərrüfatla məşğuldur.

Bir qismi isə çalışır, amma əmək bazarında deyillər. 

800 min büdcə işçisi var 

Azərbaycanda 800 min insan büdcədən məvacib alır və burada vergilərin, sosial ayırmaların ödənilməsində problem yoxdur, çünki avtomatik şəkildə həyata keçirilir. Ölkənin neft-qaz sektorunda isə 80 mindən bir qədər artıq adam çalışır və nizam-intizam kifayət qədər yüksəkdir.

“Bizdə problem özəl sahədə, qeyri-neft sektorundadır, yayınmalar olduqca çoxdur və məhz ona görə də bu sahəyə birinci dəfədir ki, belə böyük güzəştlər verildi. Fransada gəlir vergisindən azadolmanın məbləği iki min avrodur, bizdə dövlət səkkiz min manat güzəşt verdi, bu isə dörd min avro edir, bir az da çox.

Məqsəd budur ki, şəffaflıq yaransın. Bunun üçün sahibkarlarla ciddi iş aparılmalıdır, qınaq obyektinə çevrilməlidir. İnzibatçılıqla bunun qarşısını almaq mümkün deyil, olsaydı, indiyə qədər olardı, ona görə də dövlət bu güzəştlərə getdi ki, sahibkarlar maraqlı olsunlar”, - nazir müavini qeyd edib.

Xəqani Abdullayev: Fərqi görürsünüz

Nazirin müşaviri Xəqani Abdullayev Oxu.Az-ın sualına cavab olaraq, mövcud vəziyyət haqqında təsəvvür yaratmaq üçün bəzi müqayisələr apardı:

“Bizdə əməkhaqqı fondunun ümumdaxili məhsuldakı xüsusi çəkisi 20 faizdən aşağıdır. Bir sıra MDB ölkələrində isə bu göstərici 25-30 faiz arasında dəyişir. Fərqi görürsünüz. Yəni təsəvvür edə bilərsiniz ki, o dərəcədə şəffaflıq olsaydı, həmin göstərici bizdə hansı səviyyədə olardı.

Digər bir göstəricini qeyd edim. Əhalinin pul gəlirlərinin strukturunda əmək ödənişlərinin payına baxaq, əgər bizdə bu 25 faizdirsə, MDB ölkələrində 60-70 faiz arasında dəyişir. Biz bu səviyyəni hədəf olaraq götürsək, düşünün ki, əməkhaqlarının ağarması gəlirlərin strukturunda hansı dəyişikliyə gətirib çıxara bilər”. 

Natiq Şirinov: İslahatın prinsipi o deyil ki...

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin rəhbəri Natiq Şirinov isə islahatın nəticəsi olaraq hansı hədəflərin qarşıya qoyulduğunu və bəzi məsələlərdə fərqli yanaşmanın səbəbini izah etdi.  

“Vergi ödəyiciləri əmək müqaviləsini ona görə rəsmiləşdirmirdilər ki, fiskal yükü bəhanə gətirirdilər, vergi və sosial sığorta yükünün ağır olduğunu deyirdilər. Dövlət sabit formada daxil olan gəlir vergisindən əldə etdiyi gəlirin üçdə birindən könüllü şəklildə imtina etdi”. 

Bəs niyə 200 manatadək 3+22%, 200 manatdan yuxarı 10+15% sığorta haqqı tutulur? 

N.Şirinovun sözlərinə görə, bu dərəcələr təsadüfən müəyyən edilməyib və bunun arxasında çox böyük simulyasiyalar var:

“Bu ona görə edildi ki, iş yerlərinin ağardılmasında həm işəgötürənlər, həm də işçilər maraqlı olsunlar. Yəni bu, o deməkdir ki, səkkiz min manatadək biz gəlir vergisini 0 dərəcəsinə saldıq, eyni zamanda, sosial sığorta yükünü işçi və işəgötürən arasında elə bir nisbətdə böldük ki, həm işçi əməkhaqqının leqal şəkildə olmasına, həm də işəgötürən leqallaşdırmağa çəkinməsin.

İslahatın prinsipi o deyil ki, biz kimlərinsə əməkhaqqını artırmaq istəyirik, dövlət və qeyri-dövlət sektorunda diskriminasiya yaradıb daha çox əməkhaqqının verilməsinin tərəfdarıyıq, əsla yox. Sadəcə, bunlar bu gün paket şəklində verilən əməkhaqlarının ağarmasına xidmət edir”. 

Sahib Ələkbərov: Yaşayarıq, görərik

“Son illər sahibkarlar görüşlərdə həmişə deyirdilər ki, sosial ayırmalar bizi yıxıb, əsas böyük məbləğ ordadır və bu, həqiqət idi”, - deyən Sahib Ələkbərov qeyd etdi ki, sosial ayırmalar vergi deyil və nəzərə almaq lazımdır ki, bu dövlətin büdcəsinə getmir. Bu vəsaitin istiqaməti pensiya fondu, işsizlikdən sığorta, əlilliyə görə sığorta ödənişlərinə xidmət edir. 

“Dövlət bu gün sosial ayırmalara milyard yarım manat əlavə edir ki, pensiyaçıların təminatını həyata keçirsin. Onu da azaltmaq olmaz, çünki biz hamımız istəyirik ki, pensiyaçılar yaxşı təqaüd alsınlar, bunun da  mənbəyi bəlli olmalıdır. Ona görə də sosial yük bölüşdürüldü, vergi kəskin şəkildə azaldıldı.

Təkcə gəlir vergisi maddəsi üzrə büdcə daxilolamalarında 316 milyon manat azalma var. Sosial ayırmalar elə bölündü ki, həm işçi, həm də sahibkar üçün maraq yaratsın. Nəticələrinə gəlincə, yaşayarıq, görərik, əlbəttə, ola bilər ki, sonrakı illərdə müəyyən korrektələr olsun”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)