Azad olunan ərazilərdə abidələrin bərpasına cəlb olunun ölkələrin adları açıqlanıb
“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda" dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar: "Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib".
"Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir”, - Anar Ələkbərov bildirib.