Statuslar

Ucuz valyuta inkişafa həmişə qarant verirmi?

Keçən həftə qardaş Türkiyə açıqladı ki, 6 aya mövcud vəziyyətin meyvələrini dərəcəyik. Sonra qeyd olundu ki, biz Çin kimi olacağıq və əsas hədədfimiz, ixrac, ixrac, ixrac. Qeyd olunan 3 hədəf kifayətdir, yoxsa yox? Bu suala cavab tapmağa çalışaq.

Əvvəla qeyd edək ki, bunların heç biri sürpriz açıqlamalar deyildi. Çünki, hələ 3-4 ay öncə Türkiyənin ucuz lirə siyasəti ilə ixracını artıracağı hədəfinin olmasını qeyd edirdik. Türkiyə son 12 ayda artan ixracdan ruhlanaraq riskli, sürətli və kəskin siyasət həyata keçirməyə başladı. Öncə rəqəmlərə baxaq. İxrac keçən ilin oktyabr ayına nisbətdə bu ilin oktyabrında 20.2% artaraq aylıq 20.8 milyard dollar oldu. Bu ilin yanvar-oktyabr aylarının ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 33.9% artaraq 181.8 milyard dollar oldu. Son 12 aylıq ixrac isə 215.7 milyard dollarla rekord vurdu. İdxalda cəmi bir rəqəm qeyd etmək istərdim. İdxal keçən ilin oktyabr ayı ilə müqayisədə 13% artaraq 22.3 milyard dollar oldu. Yəni, ixracın artım sürəti idxalın artım sürətindən çoxdur. Amma…

Ağac altında mürgüləyən müdrik kişini oradan keçən bir yolçu oyadaraq soruşur ki, qarşıdakı şəhərə neçə saata çata bilər? Müdrik kişi cavab vermir. Yolçu bir daha soruşur. Müdrik yenə cavab vermir. Yolçu düşünür ki, hər halda bu qoca kardır və yoluna davam edir. Yolçu bir az getdikdən sonra qoca arxadan qışqırır ki, 4 saata çatarsan. Yolçu təəccüblənir. Geri qayıdaraq, niyə soruşanda cavab vermədin, sonra arxamca qışqırdın? Müdrik qoca cavab verir ki, “sənin sürətini görmədən şəhərə nə qədər vaxta çatacağını necə hesablayıb cavab verə bilərdim?”

Öncə də qeyd etdiyim kimi, Türkiyə tədrici devalvasiyanın bəhrəsindən həvəslənərək kəskin addımlar atdı. “6 aya meyvələri dərəcəyik” dedikdə isə bütün hesablamalar bu günlərə əsasən aparılır. 6 ay doğru rəqəm olardı, əgər indi mart ayı olsaydı. Nəzərə alınmayan bir məsələ də, anbarlarda bitdikdən sonra idxal mallarının yeni kursla daha baha başa gələcəyidir. Digər nəzərə alınmayan məsələ, öncəki aylarda ixrac mallarının maya dəyərinin aşağı olması səbəbindən ixracın sözün həqiqi və yaxşı mənasında partlamasıdır. Amma qiymətlər artdıqca bu artım tempi nisbətən (artımın davamlı olacağı müzakirə və mübahisə mövzusu deyildir. Məsələ, artımın tempi və sürətidir) aşağı düşəcək. Ən əsas məsələ isə, turizm mövsümüdür ki, o da apreldən başlayacaq. Əgər pandemiya zəifləsə aprel-sentyabr ayları Türkiyənin tarixində həqiqətən ölkəyə valyuta axını ilə yadda qalacaq. İlk baxışda hər şeyin çox gözəl olacağı görünür. Amma...

Gedişat və açıqlamalar ortada bir yol xəritəsinin, strategiyanın olmamasını göstərir. Hər kəsin strategiya dediyi indiki zamanda həqiqətən strategiya nədir axı? Strategiya gələcəyin proqnozlaşdırılması, ehtimalı deyildir. Strategiya gələcəyin şəkilləndirilməsidir. Strategiya öncə beyində şəkillənən bir gələcəkdir, amma aydın şəkillənən. Taktika isə o gələcəyin ayrı-ayrı parçalarını düzgün bir şəkildə yerinə qoyaraq vahid bir mənzərəni əldə edə bilməkdir.

Sultan Süleyman memar Sinanla birlikdə adını daşıyacaq Süleymaniyyə Camisinin (məscidinin) tikintisi üçün məscidin tikildiyi torpaq sahəsinə gəlmişdi. Sultan memar Sinana deyir ki, buranı incələ, təhlil et, mənə de görüm, bu torpağın üzərində məscidi tikmək olar, yoxsa yox. Memar Sinan torpağı incələyir, gah yaxına, gah uzağa baxır, düşünür. Sultan soruşur ki, tikmək olar, yoxsa yox. Memar cavab vermir. Hamı gərginləşir. Sultan Süleyman əsəbləşməyə başlayır. Az sonra bir daha soruşur. Memar yenə cavab vermir. Yavaş-yavaş həmin torpaq sahəsində addımlamağa başlayır. Hər kəsin hiddətdən gözləri qızarsa da, Sultan Süleyman susaraq izləyir. Hər kəs üçün bu gərgin zaman keçir, hər kəs gözləyir və birdən memar Sinan boş sahədə dayanır, başını əyərək bir neçə addım atır, sonra başını qaldırır və hörmətlə irəliləməyə, yenə sağa, sola, yuxarı baxmağa başlayır. Hamının Sultanı eşitmədiyini zənn etdiyi bir zamanda Memar Sinan məscidin layihəsini beynində çəkibmiş. Əyilib keçdiyi yer isə məscidin qapısı imiş. Beynində layihələndirdiyi məscidə girəndə hörmət əlaməti olaraq əyirmiş.

Baş vermiş bu dərin və ibrətamiz hekayəyə hər hansı şərh artıq olar..

Türkiyənin Çinlə müqayisə olunmasını, Türkiyənin ikinci Çin olacağını heç istəmərəm. Çünki, üzdə deyil, dərində yığılmış ciddi problemləri, güvənilməyən statistikası, keyfiyyətsiz malları və ucuz işçi qüvvəsi ilə aqressiv və yırtıcı ixrac siyasəti yürüdərək dünya ölkələrinin istehsal və emal bazarlarını məhv edən bir Çinin dünya əhalisinin iqtisadiyyatı daha dərindən dərk etdikcə hansı imic və reputasiyaya malik olacağının bir neçə il sonra şahidi olacağıq. Türkiyə məhsullarının keyfiyyəti Çin malları ilə müqayisə olunmaz. Amma, artan ixrac tələbini yerinə yetirmək üçün keyfiyyəti kəmiyyətə qurban verərək (hətta bunu hiss etmədən) daha keyfiyyətsiz məhsul ixracını qardaş ölkəyə nə yaraşdırmaram, nə də görməyi arzu etmərəm. Türkiyə mallarının avropa malları ilə rəqabət aparacağına davam edəcəyinə inanıram. Digər bir məsələ. Ucuz işçi qüvvəsinin ölkəyə gətirəcəyi dezavantajlar da, risklər də çoxdur. Bu isə başqa bir ağrılı mövzudur. Beyin axını riski də var, ölkəyə mütəxəssislərin gəlməkdə maraqlı olmaması da. Beynəlxalq aləmdən təcrid riski də var, təhsilin səviyyəsinin aşağı düşməsi də..və sair.. Burada həlledici amil yanvardan etibarən maaş və təqaüdlərin artım səviyyəsi olacaq. Bu həm də ölkədə istehsal olunan malların daxili istehlakını dəstəkləmək üçün həlledici faktordur.

Ucuz valyuta məsələsinə gəlincə. Baş verənlər bizdə və digər ölkələrdə belə bir fikir yaratmasın ki, ucuz yerli valyuta həmişə inkişafa qarant verir. Xeyr. Belə deyir. Bunun öz ağır şərtləri, yolları var. Ucuz yerli valyuta ilə uğurlu siyasətləri olan Almaniya, Yaponiya, Cənubi Koreya misalları da var, Braziliya, Meksiya, Argentina, Filippin və sair çoxsaylı uğursuz misallar da.

Bu yazıda təkcə qardaş Türkiyə üçün deyil, təxminən 30 yüksək inkişaf etmiş ölkə istisna olmaqla bütün dünya ölkələrinin iqtisadiyyatları üçün aktual olan bir çox məqamlara toxunmağa çalışdım. Bəzilərinə nisbətən geniş, bəzilərinə hekayələr, bəzilərinə isə bircə cümlə ilə. Desək də, deməsək də, bu qeyd olunanların xüsusilə qardaş ölkədə nəzərə alınacağından şübhəm yoxdur. Çünki, qardaş ölkədə həm güclü iqtisadçılar, həm son 90-100 ilin sınaqlarından çıxmış dövlətçiliyi və dövlət sektoru, həm də təcrübəli, strukturlaşmış və şaxələnmiş özəl sektoru var. Bir yol xəritəsi, hərtərəfli düşünülmüş strategiya özəl və dövlət sektorlarına Türkiyə iqtisadiyyatını layiq olduğu yerə qaldırmağa imkan verəcək. Buna çox inanıram. Amma zamanlama və sürət, müddət, bundan sonrakı mərhələlərdə diqqətli və ölçülüb-biçilmiş addımlar həlledici olacaq. Sözün həqiqi mənasında, ölkəmiz çox güclü və iqtisadi cəhətdən yüksək rifaha malik olan Türkiyənin olmasında və bu problemlərin ən qısa zamanda həllində çox maraqlıdır.

Müəllif: Elman Sadıqov, 
iqtisadçı-ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department