Tərtərçay və Həkəriçayın üzərində sənaye əhəmiyyətli SES-lər tikiləcək
“Tərtərçay, Həkəriçay və onların qolları üzərində iri, sənaye əhəmiyyətli su elektrik stansiyalarının (SES) tikintisi üzrə danışıqlar aparılır”.
ENA.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı panelində deyib.
“Həmin çayların yüksək hidroenerji potensialı var. Təəssüf ki, mənfur düşmən kiçik SES-ləri ekoloji normaları gözləmədən istismar edib, yararsız hala salıb. Hazırda bu stansiyalar bərpa edilir, əməli nəticələr əldə edilib. Həmçinin yeni SES-lərin tikintisi üzrə danışıqlar aparılır.
Paralel olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” SES-lərinin inşası aparılır. Onların gücü 140 meqavatdır ki, bu da ildə 358 milyon kVt/saat elektrik enerjisinin istehsalına imkan verəcək, 110 min ev təsərrüfatını enerji ilə təmin edəcək. Ərazini ekoloji təmiz enerji ilə təmin etmək üçün həyata keçirilən layihələr də öz nəticələrini verir”, - deyə o qeyd edib.