Avtomobillərin icbari sığortası qaydaları dəyişir: Zərəri “günahkar avtomobil”in sığortaçısı yox, öz sığorta şirkətiniz ödəyəcək
Azərbaycanda avtomobillərin icbari sığortası haqqında qanunda ciddi dəyişiklər olacaq. Bununla bağlı Mərkəzi Bank qanun layihələrini hazırlayıb.
“Sığorta mexanizminin özünün işlənməsində ciddi dəyişiklər olacaq”, - deyən Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanovun sözlərinə görə, əsas dəyişikliklərdən biri sığorta hadisəsi baş verən zaman dəyən zərəri kimin ödəməsidir.
Belə ki, indiyə qədər icbari sığorta zərərvuran şəxsin sığortası hesabına baş verirdi, bundan sonra isə bu mexanizm dəyişəcək və zərərçəkən sığortalı məhz özünün sığortaçısına müraciət edəcək. Bu isə sığorta şirkətinin öz müştərisinə daha loyal yanaşmasına, başqa sözlə müştərinin hazırkı uzun və yorucu prosedurlarda heç olmasa ən azı 1:0 önə keçməsinə şərait yaradacaq.
Digər ciddi bir dəyişiklik sığorta hadisələrinin qiymətləndirilməsi mexanizmi ilə bağlıdır. Yəni, bundan sonra hadisə yerinə sığorta şirkətinin işçisi yox, müstəqil ekspert gələcək. Bu ekspertlər seçmə üsulu ilə seçiləcək, bu isə avtomatik olduğundan zərərçəkənə güvən verəcək. İxtisaslaşmış ekspertlər konkret sahələr üzrə fərqləndiriləcək və onlar Mərkəzi Bankın reyestrində olacaqlar. Müstəqil ekspertlərin özlərinin də qərarlarından şikayət vermək hüququ olacaq və bununla bağlı xüsusi instansiya yaradılacaq və bu instansiya məhkəməyə getmədən daha çevik qərarverici bir qurum olacaq.
Eyni amanda qiymətləndirmə zamanı güclü diaqnostika həyata keçiriləcək. Mərkəzi Bank bununla bağlı yenilikdə şikayətləri də nəzərə alıb. Çünki şikayətlərin kökündə məhz qiymətləndirmə dayanır. Qiymətləndirmə üçün müstəqil ekspertlərə xüsusi metroloji imkanlar yaradılacaq.