TURİZM

Səyahətdə olanda COVİD-ə tutulsanız nə etməlisiniz? Bunun üçün hansı sığorta paketini almalısınız?

Səyahət sığortası xarici səfərlərin olmazsa olmazıdır. Bu sığorta turistləri səyahət zamanı baş verə biləcək gözlənilməz hallardan qoruyur, onun maddi sıxıntıya düşməsinin qarşısını alır. Səfər sığortası paketinin dəyəri çox olmasa da, turistin düşdüyü fövqəladə vəziyyətdə onu demək olar ki, xilas edir.

Hazırda səyahət sığortasının qiyməti bir gün üçün 1.3-1.5 manatdan başlayır.  Bir həftəlik paketin dəyəri təxmini 9-10 azn arası dəyişir. Bu orta parametrlərə malik paketin qiymətidir və 30 min avroya kimi olan tibbi xərcləri qarşılayır. Amma səyahət zamanı koronavirusa yoxluxsanız bu sığorta paketi sizin tibbi xərclərinizi ödəməyəcək.  

Pandemiya dövründə bəzi yerli sığorta şirkətləri sığorta paketlərinə əlavə olaraq COVİD19-u qarşılayan bənd də əlavə ediblər. Bu paketin qiyməti sadə paketlərdən az da olsa fərqlənir. 30 min avro ümumi və 2000 avro virusa yoxluxma zamanı tibbi xərcləri qarşılayan bir həftəlik paket 15 manatdır. Səyahət sığortasını getdiyiniz xarici ölkədən də asanlıqla, onlayn almaq mümkündür. 7 günlük qiymət 7-15 avro arası dəyişir.

Bir hadisə haqqında nümunə verək. Misal üçün, Türkiyədən Azərbaycana gəlirsiniz, uçuşdan 72 saat öncədən etibarən test verməlisiniz. Test verdiniz və nəticə pozitiv çıxdı. Dərhal karantinə alınırsınız. Karantin zamanı müalicəyə ehtiyac olsa və tibbi xərcləriniz yaransa maksimum 2000 avroya qədər sığorta təminatınız var. Amma bu sığorta paketi belə karantində qalmağa görə otel və ya evpulunu qarşılamır. Eyni zamanda təkrar PCR testinin verilməsini də bu sığorta qarşılamır.

Bəzi xarici ölkələr turistlərə COVİD19 xərclərini qarşılayan səfər sığortasını məcburi tələb kimi qoyublar. Bura Azərbaycan vətəndaşlarının da çox səfər etdiyi Ukrayna, Almaniya, Fransa da daxildir. Amma bu üç ölkə sığorta şərtinə daha sərt yanaşaraq yalnız o ölkələrdə qeydiyyatdan keçən yerli şirkətlərin sığortasını qəbul edirlər. Misal üçün, Almaniya və Fransaya səfərlərdə 30 min avroluq sığorta paketi və bura COVİD19-un tibbi xərcləri də daxil olmalıdır. Fikir verin, Azərbaycanın sığorta şirkətləri ümumi 30 min, COVİD19 üçün isə əlavə 2000 avroluq paket təklif edir. Amma Avropa şirkətləri 30 min avroluq paket üçün fərq qoymur. Lakin burada da məbləğ yalnız tibbi xərclərə aiddir, yəni karantinə alınmaq, əlavə PCR test bura daxil deyil.

Bəs səyahət zamanı sığorta xidməti ilə necə əlaqə saxlayaq? Əlaqə saxlamaq mümkün olmasa nə edək?

* Tibbi yardıma ehtiyacınız olan zaman sığorta kağızının üzərində olan nömrəyə zəng edin və şirkətə ətraflı məlumat verin. Sığorta şirkəti sizi tibb mərkəzinə - xəstəxanaya yönləndirəcək.

* Tibbi yardımdan öncə şirkətə məlumat vermək imkanınız olmasa, ilk imkanda bunu edin və mütləq şəkildə tibbi xidmətə görə ödədiyiniz pulun qəbzini və izahlı qaiməni saxlayın. Bu qəbzlə səyahətdən qayıdanda sığorta şirkətindən tibbi xərclərinizi ala biləcəksiniz.

İndiki zamanda xarici səfərlər zamanı koronavirusa yoluxma ehtimalınız çoxdur, çünki aeroportlarda, turistik yerlərdə dünyanın bir çox nöqtəsindən müxtəif insanlar olur. Onların potensial virus daşıyıcısıdıslar. Odur ki, tövsiyə edirik ki, pandemiya bitənə qədər bütün xarici səfərlərinizdə COVİD19-u qarşılayan sığorta paketlərindən istifadə edəsiniz.

Həmişə gəzməkdə!

Aviatravel.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)