MALİYYƏ

Neft Fondunun investisiya siyasətinə - DƏYİŞİKLİK EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"BI" xəbər verir ki, fərmanla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilib:

1.1. 2.1.7-ci yarımbənddə “BB-” və “Ba3” işarələri müvafiq olaraq “B-” və “B3” işarələri ilə əvəz edilib;

1.2. 3.3-cü bəndin səkkizinci yarımbəndi aşağıdakı redaksiyada verilib:

“investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə (o cümlədən 1%-ə qədəri reytinqi “B-“ (Standard ənd Purz, Fiç) və ya “B3” (Mudiz) kredit reytinqindən aşağı olmayan, qalan hissəsi isə reytinqi “BB-“ (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan) qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya təsisatlardakı depozitlər.”.

Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department