“Ford” çip istehsalı bazarına çıxır
“Ford Motor Company” şirkəti ABŞ-ın yarımkeçirici istehsalçısı “GlobalFoundries” ilə strateji tərəfdaşlıq imzaladığını açıqlayıb. Tərəflər sazişin maliyyə təfərrüatlarını açıqlamasalar da, qeyd edirlər ki, bu, qlobal avtomobil sənayesinin bir ilə yaxındır çəkdiyi qıtlığın aradan qaldırılmasına yönəlib. Müqavilə tərəflərinin qurmaq niyyətində olduqları birgə istehsal təkcə “Ford”un deyil, həm də digər konsernlərin ehtiyaclarını ödəyəcək.
Analitiklərin son proqnozlarına görə, mikroçiplərin qıtlığı səbəbindən 2021-ci ildə avtomobillərin istehsalı 10.6 milyon ədəd azalacaq. Qlobal avtomobil sənayesinin itirdiyi gəlir ilin sonuna qədər 210 milyard dollara çatacaq.
Üçüncü rübün sonunda bütün avtomobil istehsalçıları komponentlərin çatışmazlığı və təchizat problemləri səbəbindən mənfəətin kəskin şəkildə azaldığını bildirib. Məsələn, “Ford”un gəliri 23% düşərək 1.8 milyard dollar təşkil edir. “General Motors” qazancının 40%-ni itirərək üçüncü rübdə cəmi 2.4 milyard dollar gəlir əldə edib. “Volkswagen”in satışları 30% azalıb, gəliri isə 2.8 milyard dollar olub.