MALİYYƏ

“Baker Tilly Audit Azərbaycan” audit şirkətinə rəhbər təyin edilib

Dünyanın populyar audit şirkətinin Azərbaycanda törəmə şirkəti olan, ən çox bankların audi hesabatını aparan “Baker Tilly Audit Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə (Baker Tilly Azerbaijan) direktorunun “Azercell Telekom” MMC-yə transferindən sonra ona rəhbərlik edəcək şəxsin adı açıqlanıb.

Banker.az xəbər verir ki, Rüstəm Səfərəliyev Rəşad oğlu “Baker Tilly Audit Azərbaycan” QSC-nin direktoru təyin edilib.

Buna qədər bu vəzifədə Ziya İbrahimov Rafiq oğlu idi və o, 2021-ci ilin sentyabrında “Azercell”in Daxili Audit Departamentinin direktoru təyin edilmişdi.

Şirkətin məlumatına görə, Rüstəm Səfərəliyev 2009-cu ilin avqust ayından etibarən “Baker Tilly Azərbaycan” şirkətində neft və qaz sahəsi üzrə audit meneceri kimi fəaliyyətə başlamış və 2010-cu ilin oktyabr ayından etibarən audit və əminlik şöbəsinin direktoru vəzifəsinə təyin edilmişdir.

R.Səfərəliyev enerji, istehsal, xidmət və maliyyə şirkətlərinin auditi sahəsində ətraflı biliklərə malikdir. Səfərəliyev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə biznesin idarə olunması üzrə “Xüsusi İstedadlar Qrupu”-nun ilk məzunu olmuş və həmin universitetin beynəlxalq iqtisadi münasibətlər üzrə magistr proqramını müvəffəqiyyətlə bitirmişdir. 2008-ci ildə qanuna müvafiq qaydada audit üzrə lisenziya almışdır. Səfərəliyev öz audit karyerasına 2005-ci ildə “Deloitte” şirkətində başlamışdır. 2009-cu ilə qədər “Deloitte” şirkətində auditor vəzifəsindən təcrübəli baş mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir. 2010-ci ilin avqust ayında Səfərəliyev beynəlxalq səviyyədə tanınan mühasiblər assosiasiyası olan ACCA-nin üzvlük statusunu almışdır.

Baker Tilly

“Baker Tilly International”, özündə dünyanın 148 ölkəsində 740 ofisdə 37 000 əməkdaşın çalışdığı 126 üzv şirkəti birləşdirən audit və konsaltinq şirkətləri şəbəkəsidir. Şirkət Azərbaycan bazarında 16 ildən artıq uğurla fəaliyyət göstərir. Banker.az-ın araşdırmasına görə, 2020-ci ildə 26 bankdan 12-sinin illik audit hesabatını bu audit şirkəti aparmışdır. İkinci sırada “Ernst&Young”dır. Bu şirkət 5 bankın audit hesabatını həyata keçirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)